Azərbaycan parlamenti antidempinq haqqında qanun layihəsini II oxunuşda təsdiq edib

Azərbaycan parlamenti antidempinq haqqında qanun layihəsini II oxunuşda təsdiq edib Sənəd təsdiqləndikdən sonra məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq
Biznes
6 May , 2016 15:06
Azərbaycan parlamenti antidempinq haqqında qanun layihəsini II oxunuşda təsdiq edib

Bakı. 6 may. REPORT.AZ/ Bu gün "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq ikinci oxunuşda təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, layihə Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması məqsədi daşıyır. Sənəd bir sıra sazişlər və konvensiyaların müddəaları əsasında hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana dempinqli, subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir.

Qanun layihəsində 3 qrup tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Layihədə antidempinq, kompensasiya və mühafizə tədbirləri yer alıb. Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkədə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini minimallaşdırmaq üçün nəzərdə tutulub. 

Qanun layihəsi qəbul olunandan sonra müvafiq araşdırma orqanı tərəfindən məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq.

Hansısa məhsulun idxalının dempinqli olduğu ortaya çıxarsa və ya hər hansı məhsulun idxalının sürətli şəkildə artımının yerli istehsala vurduğu ziyan müəyyənləşdirilərsə, beynəlxalq təcrübə ilə müəyyən edilmiş meyarlar əsasında müvafiq rüsumlar tətbiq olunacaq və digər tədbirlər görüləcək. Burada hansısa malın idxalının qadağan olunmasından söhbət getmir. Məhz dempinqli idxal zamanı yerli istehsala vurulacaq zərərin qarşısının alınması nəzərdə tutulur.

Araşdırma orqanı kompensasiya, dempinq, antidempiq rüsumları ilə bağlı hökumətə müvafiq təkliflər təqdim edəcək və təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Hər hansı məhsulun xarici bazarda satış qiymətinin daha yüksək olduğu, lakin dempinq tətbiq olunaraq Azərbaycana aşağı qiymətlə idxal edildiyi müəyyən edilərsə, antidempinq üsulu tətbiq olunacaq. Xarici ölkədə hansısa məhsula xüsusi subsidiyalar tətbiq olunubsa və onların ölkəyə daxil olunması zamanı qiymət prioritetinin pozulması baş verərsə, kompensasiya tədbirləri tətbiq olunacaq. Mühafizə tədbirləri isə hansısa bir məhsulun idxalının kəskin artımı nəticəsində ölkə daxilində istehsalata vurulan ziyanın qarşısının alınması üçün görüləcək. Tətbiq olunan tədbirlər və rüsumlar hər bir halda dempinq, kompensasiya və subsidiyanın məbləğinə bərabər şəkildə müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi