Pandemiya zərgərlik məmulatları bazarına necə təsir edib?

Pandemiya zərgərlik məmulatları bazarına necə təsir edib? Vətəndaşlarımız pandemiya dövründə əllərində olan köhnə zərgərlik məhsullarını satmağa başladılar. Lakin yeni məhsul alanlar demək olar ki, yoxdur.
Biznes
12 Avqust , 2020 16:09
Pandemiya zərgərlik məmulatları bazarına necə təsir edib?

İnsanlar həm məişətlərində, gündəlik həyatlarında istifadə etmək, həm də əlavə gəlir qazanmaq baxımından zərgərlik əşyalarını almağa xüsusi önəm verirlər. Məsələn, ad günü, toy-nişan və digər mərasimlərdə iştirak edənlər əksər hallarda zərgərlik əşyalarına üz tuturlar. Digər tərəfdən, insanlar əllərində olan vəsaitləri qızıl və digər zinət əşyalarının alınmasına yönəldir, bu məhsulların qiyməti qalxdıqda isə onu sataraq gəlir əldə edirlər. Ümumilikdə zərgərlik məhsullarının istehsalı, alışı və satışı ölkənin iqtisadi həyatında xüsusi çəkiyə malik sahə hesab olunur.

 “Report” ölkədə pandemiyanın yayılmasının zərgərlərin fəaliyyətinə, zərgərlik məhsullarının satışına nə kimi təsir etdiyini öyrənib.

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev “Report”a verdiyi açıqlamada bildirib ki, ümumilikdə zərgərlik məhsullarının satışında pandemiyadan əvvəlki dövrlə müqayisədə 90-95% geriləmə var:

“Bütün biznes sektorları kimi zərgərlik məhsullarının satışına da pandemiya təsirsiz ötüşmədi. Son 2-3 gündür ki, bir sıra zərgərlik mağazaları açılsa da, vəziyyətin düzəlməsi və satışların bərpası haqda yekun informasiya vermək üçün çox tezdir. Bazarın pandemiyadan əvvəlki vəziyyəti əsasən toy-nişan mərasimlərinin keçirilməsinə bağlı idi. Bu gün toy-nişan mərasimləri olmadığından bazarda vəziyyət zəifdir. Vəziyyətin zəif olmasına turist gəlişinin dayanması, insanların hədiyyə alışının azalması kimi amillər də təsir edib. Özləri üçün bəzək əşyaları alan insanların da sayı azdır. Pandemiyadan öncəki satışlarla müqayisədə 90-95%-lik geriləmə olub. Zərgərlik məmulatlarının onlayn satışı isə çox zəifdir. Paltar, ayaqqabı və ya qida məhsullarından fərqli olaraq zərgərlik məhsulunu almaq istəyən şəxs gərək onu özü görüb parlaqlığına keyfiyyətinə baxsın”.

T.Abbasquliyev hazırda xammalla bağlı heç bir problemin olmadığını qeyd edib:

“Azərbaycan xammal da istehsal edir. Ən böyük istehsalçılar “Anglo Asian Mining” şirkəti və “Azergold” QSC-dir. Bu iki müəssisə daxili bazarda satış etmirlər. Yalnız xarici bazara qızılı xammal olaraq ixrac edirlər. Onlarla əməkdaşlıq etmək məsələlərini müzakirə etmişik. İstəyirik bu şirkətləri yerli sənayeyə də cəlb edək. Yəqin ki, irəlidəki illərdə belə bir potensialın reallaşdırılması mümkün olacaq.

Yerli bazarda xammal problemi yoxdur. İnsanların daha öncə istehlak etdiyi zərgərlik məmulatları onlardan xam çəki qismində alınır. Lakin həmin alış qiyməti birjalardakı qiymətdən aşağıdır. Bu gün qızılın bir qramının qiyməti 64-65 ABŞ dollarıdır. “Qara bazar”da isə 1 qram qızılı insanlardan 60-61 ABŞ dollara alırlar. Xaricdən tək xammal deyil, zərgərlik məmulatlarının da idxalı dayanıb. Vətəndaşlarımız pandemiya dövründə əllərində olan köhnə zərgərlik məhsullarını satmağa başladılar. Lakin yeni məhsul alanlar demək olar ki, yoxdur. Çünki dünya bazarında həm qızılın qiyməti qalxıb, həm də sahibkarlarda xərclənə biləcək əlavə vəsait yoxdur ki, onu yeni məhsul alışına sərf etsinlər. Şəhərlərarası gediş-gəlişin də məhdud olması zərgərlik satışlarına öz təsirini göstərir”.

Assosiasiya sədrinin sözlərinə görə hər il yayda zərgərlik satışları zəifləyir:

“Ümumilikdə satışın zəifləməsində həm pandemiya faktoru, həm də mövsüm faktoru var. Yayda həmişə sahibkarlar əllərində olan mal ehtiyyatlarını azaltmağa, yeni il qabağı mövsümə daha yeni zərgərlik məmulatları əldə etməyə üstünlük verirlər. Zərgərlik məhsullarının qiymətində də artım yoxdur. Əksinə, zərgərlər satışı bir qədər ayaqda tutmaq üçün qiymətlərdə müəyyən endirimlər edirlər”.

Son xəbərlər

Orphus sistemi