"Xəyal adası" zərərini azaldıb

Biznes
  • 17 oktyabr, 2023
  • 12:50
Xəyal adası zərərini azaldıb

"Azərsun Holdinq" MMC-yə məxsus “Xəyal Adası” MMC 2022-ci ili 6,665 milyon manat zərərlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,6 % azdır.

Ötən il “Xəyal Adası”nın əsas əməliyyat (satışdan) gəlirləri 30,368 milyon manat (əvvəlki ilə nisbətən 80,7 % çox), satışının maya dəyəri 15,03 milyon manat (5,7 dəfə çox), ümumi və inzibati xərcləri 18,6 milyon manat (7 % az), sair əməliyyat gəlirləri 409 min manat (3 % çox), sair əməliyyat xərcləri 55 min manat (əvvəlki il olmayıb), amortizasiya xərcləri 3,777 milyon manat (0,2 % az), maliyyə gəlirləri 29 min manat (84,7 dəfə az), maliyyə xərcləri isə 10 min manat (16,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xəyal Adası”nın aktivləri 310,96 milyon manat olub ki, bu da illik müqayisədə 5,4% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 5,8 % azalaraq 147,611 milyon manata, balans kapitalı isə 5,2 % azalaraq 163,349 milyon manata düşüb.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardır. Burada 2 100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunub.