Hökumət Evində bu il iyulun 5-dən fəaliyyətə başlamış Vətəndaşların Qəbulu Mərkəzinə indiyə qədər 1 700-dən çox şəxs müraciət edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Mərkəz Hökumət Evində yerləşən dövlət qurumları -İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat, Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı Nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılıb. Burada müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” var. İndiyə qədər Mərkəzdə qeyd edilən qurumların rəhbər şəxsləri 101 qəbul keçirib.
Vətəndaşların Qəbulu Mərkəzinə İqtisadiyyat Nazirliyinin fəaliyyət sahələrinə dair 170 nəfərdən çox vətəndaş müraciət edib. Müraciətlər əsasən, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, dövlət satınalmaları, işlə təmin olunma, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.