Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində yük daşımalarının, ticarətin artırılması üçün bəzi məsələlər nəzərdən keçirilməlidir.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda bildirib.
“Ötən il Süveyş kanalında problemlər yarandı, bunun dünya iqtisadiyyatına təsirini hamı gördü. İndi isə Rusiya-Ukrayna müharibəsinə görə Orta Dəhlizin rolu artıb. Fürsət Avropadan Türkiyə, Gürcüstan və Azərbaycana keçib. Hər zaman müzakirə edilən mövzular var. Gömrükdən keçid tarifləri, gözləmə müddətləri nəzərdən keçirilməsə, ticarətin qarşısındakı əngəllər aradan qalxmaz.
Azərbaycan Vətən müharibəsindəki Zəfəri ilə regionda və dünyada yeni fürsət pəncərəsi yaradıb. Üçtərəfli bəyanatın imzalanmasından iki il keçib. Hələ də ortada sülh müqaviləsi, danışıqlar masasında delimitasiya və demarkasiya ilə bağlı nəticə yoxdur. Bu, təmin edilmədən Orta Dəhlizin tam inkişaf etdirilməsi mümkün deyil. Orta Dəhlizdə problemlər var", - deyə o, qeyd edib.
“Azərbaycan və Türkiyə prezidentlərinin istəyi iki ölkə arasında illik ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Bu gün bu göstərici 5 milyard ABŞ dolları təşkil edir. Biz 3,6 milyard dollardan 5 milyard dollara çatdıq. Buna son 4 ildə nail olduq”, - səfir əlavə edib.