Bakı. 5 dekabr. REPORT.AZ/ "Azərbaycanda iqtisadi inkişaf o həddə çatıb ki, iş adamları Türkiyəyə investisiya yatırmaq imkanı əldə ediblər". "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bu gün Bakıda "Türkiyədə yatırım, yatırım ortamı, təşviq sistemi və yatırım imkanları" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Səfir hələ gəncliyində Türkiyənin eks-prezidenti Süleyman Dəmirəllə görüşdüyünü və onun Azərbaycan haqqında yüksək fikirdə olduğunu bildirib.
Azərbaycan Türk İş adamları Birliyinin sədri Camal Yanqın isə çıxışında iki ölkə arasındakı münasibətlərdən danışıb, hər iki ölkədə sahibkarlara böyük imkanlar açıldığını bildirib.
"Bu ilin yanvar-avqust aylarında azərbaycanlı iş adamları Türkiyədə 527 mln. ABŞ dolları həcmində yatırım edib", - deyə Türkiyə Xarici İşlər Nazirliyinin xarici ticarət məsələləri üzrə eksperti Fərdi Yayla bildirib.
Onun sözlərinə görə, Türkiyədə getdikcə xarici sərmayədarlara əlverişli imkanlar yaradılır və bir çox ölkələrlə vergi və gömrük rüsumları olmadan ticarət əlaqələri qurulur: "Ümumilikdə isə, azərbaycanlı iş adamları Türkiyəyə 3,044 mlrd. dollar yatırıb. Hazırda 28 Avropa ölkəsi ilə vergisiz və rüsumsuz ticarət əməliyyatları aparılır".