Səfər Mehdiyev: “Xarici ticarət iştirakçıları üçün yeni imkanlar yaradılacaq”

Səfər Mehdiyev: “Xarici ticarət iştirakçıları üçün yeni imkanlar yaradılacaq” ​​​​​​​Komitə sədri: “Ötən il hibrid minik avtomobillərinin idxalı zamanı əlavə dəyər vergisi üzrə 7 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”
Biznes
8 Fevral , 2022 12:26
Səfər Mehdiyev: “Xarici ticarət iştirakçıları üçün yeni imkanlar yaradılacaq”
Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin “Report” İnformasiya Agentliyinə müsahibəsi

- Səfər müəllim, ilk növbədə, gec də olsa, başda Siz olmaqla, Dövlət Gömrük Komitəsinin bütün əməkdaşlarını gömrük xidmətinin yaradılmasının ötən ay qeyd edilən 30 illiyi və peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. İlk olaraq, 2021-ci ildə Dövlət Gömrük Komitəsinin fəaliyyətini necə qiymətləndirdiyinizi öyrənmək istərdik.

- Təbrikə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 1992-ci ilin 30 yanvar tarixində yaradılıb. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə 30 yanvar tarixinin gömrük əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi barədə Fərman imzalanıb.

Ötən dövr ərzində gömrük xidmətinin inkişafı və modernləşdirilməsi istiqamətində böyük işlər görülüb. Bu gün müstəqil Azərbaycanın gömrük xidməti ölkənin fiskal siyasətinin həyata keçirilməsində önəmli rol oynayır, eyni zamanda hüquq-mühafizə orqanı kimi dövlətimizə xidmət göstərir.

1992-ci ildə yeni yaranan gömrük xidmətində peşəkar kadrlar və maddi-texniki baza demək olar yox dərəcəsində idi. Sonrakı dövrlərdə gömrük xidməti inkişaf dövrünə keçid etdi və gömrük xidmətinin funksiya və vəzifələrinə uyğun olaraq, büdcənin gəlirlər hissəsinin formalaşması məqsədilə hər il büdcə proqnozu müəyyənləşdirildi.

Dövlət Gömrük Komitəsində aparılan struktur və kadr islahatları, yeni çağırışlara uyğun həyata keçirilən tədbirlər öz töhfəsini verir. Statistik göstəricilərə diqqət salsaq görərik ki, 2014-2016-cı illərlə müqayisədə son 4 ildə (2018-2021-ci illərdə) büdcə daxilolmaları 2 dəfədən çox artıb.

Onu da qeyd edim ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, xalqımızın birliyi və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük müharibə dövründə torpaqlarımz düşmən tapdağından azad edildi. Bununla yanaşı, COVID-19 pandemiyasının fəsadları əhalinin sağlamlığına və bütün dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası qorundu. 2021-ci ildə ölkəmizin hər bir sahəsində olduğu kimi, gömrük xidmətində də büdcənin gəlirlər hissəsinin formalaşması baxımından fiskal siyasət aidiyyəti üzrə layiqincə həyata keçirildi.

Belə ki, 2021-ci il üzrə qanunla müəyyən olunmuş 3 milyard 900 milyon manat illik büdcə proqnozu faktiki olaraq 4 milyard 342,9 milyon manat məbləğində icra edilib, illik proqnoz 111,36 %, məbləğ ifadəsində isə 442 milyon 967 min manat artıq yerinə yetirilib. Ötən 2021-ci ildə gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində xidməti fəaliyyətimiz daha da genişləndirilib və həyata keçirilən kompleks tədbirlər nəticəsində 17 144 hüquqpozma faktı aşkar edilib. Bu faktların 418-i cinayət xarakterli olub.

2021-ci ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar edilib, ümumilikdə 3 ton 43 kq-dan artıq narkotik vasitələr qanunsuz dövriyyədən götürülüb. 2020-ci illə müqayisədə 2021-ci ildə qanunsuz dövriyyədən götürülən narkotiklərin miqdarı 2 dəfədən çox artıb.

Ötən il risklərin idarəolunması sahəsində qərar qəbuletmənin mümkün dərəcədə avtomatlaşdırılması, gömrük orqanları daxilində və gömrük fəaliyyəti ətrafında formalaşdırılan məlumatlardan səmərəli istifadə olunması və süni intellektin gömrük orqanlarında istifadə olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

İlk növbədə, fəaliyyətin təməl sütunu olan normativ-hüquqi bazanın beynəlxalq standartlarla unifikasiyası aparılıb. Xüsusən Ümumdünya Gömrük Təşkilatının “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Kioto Konvensiyası, ÜGT-nin Risklərin İdarəedilməsi Kompendiumu, eyni zamanda, risklərin idarə olunmasına dair qəbul edilən beynəlxalq ISO standartlarında olan normaları rəhbər tutularaq, gömrük sistemində risklərin idarəedilməsi üzrə çərçivə sənədi hazırlanıb. Həmin sənəddə konkret yanaşmalar və məsuliyyət hədləri müəyyən edilərək risklərin idarəolunması üzrə vahid standartlar cəmlənib.

Bundan başqa, gömrük orqanlarının resurslarından daha səmərəli istifadə olunması, gömrük qanunvericiliyinə riayət edən aşağı risk qrupuna aid xarici ticarət iştirakçılarına məxsus malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şəraitin yaradılması, o cümlədən malların daha surətli rəsmiləşdirilməsi məqsədilə hazırda Komitə tərəfindən iki layihə icra olunmaqdadır. Bunlar sərhəd risk modulu və gömrük bəyannamələrinin risk direktividir.

Sərhəd risk modulu layihəsi - sərhəd buraxılış məntəqələrindən keçən mal və nəqliyyat vasitələrinə risk əsaslı nəzarətin tətbiqi, diqqətin daha riskli sahələrə yönəldilməsi və qərarvermənin avtomatlaşdırılması məqsədlərini daşıyır. Hazırlanmaqda olan bu modul vasitəsilə istər hərəkət marşrutu üzrə risklərin mövcudluğu, istər nəqliyyat vasitəsinin konstruksiyasında uyğunsuzluqların olması, istərsə də hər hansı digər məlum risk indikatoru təhlil edilərək ayrı-ayrılıqda hər bir sərhədkeçmə əməliyyatının risk səviyyəsi müəyyən ediləcək.

Gömrük bəyannamələrinin risk direktivi layihəsi bəyan olunan mallara dair risk qiymətləndirilməsinin aparılması məqsədilə yaradılan və riyazi alqoritmlərə əsaslanan moduldur. Layihə bir sıra elementdən ibarət olmaqla, geniş məlumat diapazonunu özündə cəmləyir. Belə ki, gömrük əməliyyatının risk səviyyəsinin müəyyən olunması zamanı gömrük bəyannamələrində təqdim olunmuş məlumatlar, eyni zamanda, sərhədkeçmə zamanı formalaşdırılmış risk göstəriciləri təhlil edilərək malların buraxılış dəhlizi müəyyən olunur. Burada, həmçinin “qərar ağacı” yanaşmasından istifadə nəzərdə tutulub ki, bu da daha keyfiyyətli təhlil nəticələrinin əldə olunmasına səbəb olacaq. Bununla da gömrük rəsmiləşdirilməsi zamanı insan faktorunun rolu minimuma endirilməklə qərarvermə mümkün dərəcədə avtomatlaşdırılacaq ki, bu da aşağı riskli əməliyyatların daha çevik emal olunmasına imkan yaradacaq.

Bundan başqa, ötən illərdə subyekt əsaslı risk qiymətləndirilməsinə, yəni xarici ticarət iştirakçılarının risk dərəcəsinin müəyyən olunması məsələsinə xüsusi diqqət yetirilib. Xarici ticarət iştirakçılarının risk dərəcəsinin qiymətləndirilməsi modulu hazırlanaraq elektron sistemə inteqrə olunub. Bu modul xarici ticarət iştirakçılarının bir sıra meyarlar üzrə fəaliyyətini avtomatlaşdırılmış qaydada qiymətləndirərək onların risk qrupunu müəyyən edir. Qiymətləndirmənin nəticələri həm sərhədkeçmə, həm də rəsmiləşdirmə əməliyyatları zamanı xüsusi çəkili risk meyarı kimi istifadə olunur.

Eyni zamanda, məlumatların təhlili və vizuallaşdırılması sahəsində ən qabaqcıl proqram təminatları əldə edilərək uğurla istifadə olunmaqdadır. Bu proqram təminatları məlumatların təhlilinə günlərlə sərf olunan vaxtı 10-15 dəqiqəyə qədər azaldaraq aparılan təhlillərin daha çevik olmasına imkan yaradıb.

2021-ci il yeni elektron xidmətlərin istifadəyə verilməsi istiqamətində Dövlət Gömrük Komitəsi üçün xüsusilə uğurlu olub. Ötən il Dövlət Gömrük Komitəsi 3 məhsulu - “Smart Customs” mobil tətbiqinin yeni versiyası, “e.customs.gov.az” və “stats.customs.gov.az” portallarını cəmiyyətə təqdim edib.

Diqqətinizə çatdırım ki, “Smart Customs” mobil tətbiqi “NETTY-2021” Azərbaycan Milli İnternet Müsabiqəsində “Dövlət və Cəmiyyət” nominasiyası üzrə ilin mobil tətbiqi mükafatına layiq görülüb.

“Smart Customs” mobil tətbiqinin yeni versiyasında “e.customs.gov.az” portalında təqdim edilən 16 elektron xidmətdən 5-i mobil tətbiqə inteqrasiya edilib. Fiziki şəxslər tərəfindən elektron ticarət portallarından sifariş edilən malların bəyan edilməsi və nəzarətin həyata keçirilməsi üçün hazırlanmış “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” xidmətində təkmilləşdirmələr aparılıb. Elektron xidmətə “Bildiriş” və “Fayl əlavə et” funksiyaları əlavə olunub. Eyni zamanda, xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bildirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə izləyə biləcəklər.

Komitə tərəfindən təqdim olunan bütün elektron xidmətləri özündə cəmləşdirən “e.customs.gov.az” portalı üzərindən hazırda göstərilən elektron xidmətlərin sayı 16-ya çatdırılıb. İstifadəyə verilən hər bir elektron xidmət müvafiq istifadəçi təlimatları və videoçarxlarla təmin edilib. Portalda “Açıq məlumatlar” bölməsi də yaradılıb. Bu bölmə vasitəsilə vətəndaşlar üçün müraciət formaları, poçt və daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nın elektron sistemlərində istifadə olunan təsnifatları əldə etmək mümkündür.

Azərbaycan gömrük statistik məlumatlarının vahid bir məkanda əldə edilməsi üçün ötən il Komitə tərəfindən istifadəyə verilən xidmətlərdən biri də “stats.customs.gov.az” Ticarət Statistikası Portalıdır. Portalda maraqlı tərəflərə Azərbaycan Respublikasının ticarət dövriyyəsi vizual olaraq sadə və maraqlı şəkildə təqdim edilir. Burada əsas məqsəd gömrük-biznes əlaqələrinin daha da inkişaf etdirilməsidir. Portalda istifadəyə verilən digər bir elektron xidmət xarici iqtisadi fəaliyyətin mal nomenklaturası xidmətidir. Sözügedən elektron xidmətdə mal mövqeyinə uyğun axtarış etdikdə, idxal və ixrac əməliyyatlarına dair xüsusi icazə tələb olunan mallar haqqında, eləcə də xüsusi icazə sənədləri verən qurumlar haqqında məlumatlar öz əksini tapır.

Ötən il Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 14 milyona yaxın olub. 2021-ci il ərzində “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 8 milyona yaxın elektron ticarət bəyannaməsi gömrük orqanlarına təqdim edilib. Ümumilikdə, 172 min nəfərdən çox istifadəçi portalda qeydiyyatdan keçib. Mobil tətbiq istifadəçilərinin sayı 375 min nəfərdən çox olub. Onlardan 234 min nəfəri Android, 141 min nəfəri isə iOS platformasının istifadəçiləridir.

- Ötən il Dövlət Gömrük Komitəsi Qubadlı rayonunun ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunu yaradıb. Bu gün bu postda işlər necə gedir?

- Vətən müharibəsi bitdikdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, dövlət orqanlarının fəaliyyəti də ardıcıllıqla başlanıb. Məlum olduğu kimi, Gorus-Qafan avtomagistral yolunun bəzi hissələri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən keçir. Azərbaycanın qanunvericiliyinə görə, ölkə ərazisinə daxil olan şəxslər, mallar və nəqliyyat vasitələri müvafiq qaydada gömrük və sərhəd nəzarətindən keçməli, həmçinin Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinə və "Dövlət rüsumu haqqında" Qanunun 24-cü maddəsinə əsasən dövlət rüsumuna cəlb olunmalıdırlar.

Qeyd olunan vəzifələrin icrasını təmin etmək və işğaldan azad olunmuş ərazilərdə gömrük xidmətini təşkil etmək üçün 2021-ci ilin 10 sentyabr tarixindən Qubadlı rayonunun inzibati ərazisində yerləşən Eyvazlı kəndindən keçən dövlət sərhədimizin yaxınlığında Dövlət Gömrük Komitəsinin “Qubadlı” gömrük postu yaradılaraq istifadəyə verilib.

- Azərbaycan və İran sərhədində yerləşən və işğaldan azad olunan Xudafərin körpüsünün üzərində yeni gömrük keçid məntəqəsinin yaradılması nəzərdə tutulubmu?

- Xudafərinə gəldikdə, öncə onu qeyd edim ki, məlum işğala qədər İran İslam Respublikası ilə sərhəddə Füzuli rayonunun Horadiz qəsəbəsində “Horadiz” və Cəbrayıl rayonununda “Qız Qalası” gömrük-sərhəd buraxılış məntəqələri fəaliyyət göstərib.

Gələcəkdə işğaldan azad olunmuş ərazilərin mərhələli şəkildə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsindən sonra həmin ərazilərə baxış keçirilərək geniş təhlillərin aparılması nəticəsində, tikinti işləri üçün ərazinin müəyyən edilərək ayrılması və müvafiq qaydada layihələndirilmə və qiymətləndirilmə işləri həyata keçiriləcək. Bu proseslərdən sonra həmin ərazilərdə gömrük infrastrukturunun yaradılması haqqında düşünüləcək.

Eyni zamanda, İran tərəfi ilə razılaşdırılmaqla bərpa edilmiş yeni dövlət sərhədi boyunca Cəbrayıl rayonunun ərazisində (Xudafərin qəsəbəsində) şəxslərin, malların və nəqliyyat vasitələrinin Azərbaycanın qanunvericiliyi çərçivəsində keçidinin təmin edilməsi üçün müasir standartlara cavab verən yeni gömrük-sərhəd buraxılış məntəqəsinin inşası ilə əlaqədar iki ölkənin hökumətləri arasında aidiyyəti dövlət qurumlarının iştirakı ilə danışıqlar və qarşılıqlı müzakirələr aparılmaqdadır.

- Məlumatımıza görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun kompleks tikinti işləri davam etdirilir. Bu gömrük-keçid məntəqəsinin istifadəyə verilməsi nə zaman mümkün olacaq?

- Əvvəlcə qeyd edim ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin əksər hissəsinin “Samur” - “Yaraq-Qazmalar” gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi bu məntəqələrdə son illər ərzində sıxlığın və növbələrin yaranmasına səbəb olub. Bununla əlaqədar, iki ölkə sərhədində günün 09:00-18:00 saat intervalında fəaliyyət göstərən “Şirvanlı” (Azərbaycan Respublikası) - “Novo Filya” (Rusiya Federasiyası) gömrük postlarından gün ərzində 50-yə yaxın boş yük nəqliyyat vasitəsinin keçidinin təmin edilməsi ilə bağlı Azərbaycan tərəfdə tələb olunan zəruri işlər həyata keçirilib və Rusiya tərəfi ilə razılaşdırılmaqla 8 oktyabr 2021-ci il tarixdən boş yük nəqliyyat vasitələrinin idxal istiqamətində, 02.11.2021-ci il tarixdən isə hər iki istiqamətdə buraxılışına başlanılıb.

Əlavə olaraq “Şirvanlı” gömrük-sərhəd buraxılış məntəqəsi vasitəsilə gün ərzində hər iki istiqamət üzrə 50-dən daha artıq boş yük nəqliyyat vasitəsinin buraxılışını təmin etmək üçün bütün imkanlar mövcud olduğundan, “Şirvanlı” - “Novo Filya” gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etməklə, gündəlik olaraq hər iki istiqamət üzrə buraxılışı təmin edilən boş yük nəqliyyat vasitələrinin sayının 150-yə qədər artırılması məsələsinin Rusiya tərəfi ilə razılaşdırılması üçün işlər davam etdirilir.

Onu da qeyd edim, Rusiya Federasiyası ilə sərhədimizdə yerləşən “Samur” gömrük postunun buraxılış yükünün azaldılaraq bu istiqamətdə fəaliyyət göstərən digər gömrük-sərhəd buraxılış məntəqələri arasında bölüşdürülməsi, o cümlədən turizm, ticarət və digər məqsədlər üçün Rusiya Federasiyası istiqamətində səyahət edən şəxslərin alternativ dəhlizlərlə gömrük-sərhəd buraxılış məntəqələrindən keçidinin daha rahat və keyfiyyətli xidmət göstərməklə təmin etmək üçün iki ölkə sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidən inşa edilməsinə qərar verilib.

Bu məqsədlə, Azərbaycan Prezidentinin 27 aprel 2020-ci il tarixli sərəncamı ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ərazisində yeni gömrük postunun tikintisinə başlanılıb və aparılan tikinti işləri sürətləndirilib. Bu il gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəzərdə tutulub ki, bu da öz növbəsində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsinin yüklülüyünü daha da azaldaraq, Rusiya istiqamətində əlavə yük nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmaqla yanaşı, yük nəqliyyat vasitələrinin keçidində yaranan sıxlığı və növbələri aradan qaldıracaqdır.

Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postu üzrə tikinti-quraşdırma işlərinin tamamlanması 2022-ci ildə nəzərdə tutulur.

- Hökumətin son qərarına görə, istehsal müddəti son 3 ili keçməyən hibrid və elektrik avtomobillərinin ƏDV-dən azad olunması ilə bağlı qərar güvvəyə minib. Bu qərar Dövlət Gömrük Komitəsi üzrə büdcə daxilolmalarına necə təsir edəcək? Ümumiyyətlə bu, ölkənin avtomobil bazarına necə təsir edəcək?

- Ötən il müvafiq kriteriyalara cavab verən hibrid minik avtomobillərinin idxalı zamanı əlavə dəyər vergisi üzrə 7 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Cari ildə azadolmaların tətbiqi şübhəsiz ki, bu qəbildən olan avtomobillərin idxal həcmini artıracaq. Ümumiyyətlə, cari ildən bu dəyişikliklərin edilməsi fiskal siyasət baxımından yox, sosial siyasətin həyata keçirilməsinə xidmət etməklə, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdıracaq və eyni zamanda avtomobil parkının yenilənməsinə əlverişli şərait yaradacaq.

- Gömrük tarifləri sistemində hansı dəyişikliklər gözlənilir?

- Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı üçün bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi və rəqabətqabiliyyətliliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə 29 dekabr 2021-ci il tarixli, 417 saylı Qərarına əsasən, 1 yanvar 2022-ci il tarixindən idxal edilən quş əti, quş yumurtası, sement klinkerləri və bəzi növ keramika məmulatlarına tətbiq edilən spesifik idxal gömrük rüsum dərəcələrinin müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılıb.

Bununla yanaşı, 2022-ci ilin ilk rübü ərzində Azərbaycan Respublikasının mal nomenklaturasının Ümumdünya Gömrük Təşkilatının “Malların Təsviri və Kodlaşdırılması üzrə Beynəlxalq Harmonikləşdirilmiş Sistemi”nin 2022-ci il variantına uyğunlaşdırılması nəzərdə tutulub. Yaxın vaxtlarda Nazirlər Kabinetinin müvafiq qərarı ilə qüvvəyə minməsi gözlənilir. Artıq aidiyyəti nazirliklərlə müzakirələr başa çatıb.

- Azadolmaların sayının azaldılması istiqamətində hansı işlər görülür və bunun gömrük yığımlarına təsiri necədir?

- İlk növbədə qeyd edim ki, idxal mallarına tətbiq edilən güzəştlər əsasən yeni istehsal sahələrinin açılması və ölkədaxili məhsul istehsalı bolluğunu yaratmaq, rəqabət qabiliyyətliliyinin qorunması məqsədilə stimullaşdırıcı xarekter daşıyır. “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 8 fevral 2020-ci il tarixli, 38 nömrəli Qərarına uyğun olaraq Maliyyə Nazirliyi hər il avqust ayının 1-dən gec olmayaraq güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışı Dövlət Gömrük Komitəsinə, Dövlət Gömrük Komitəsi isə avqust ayının 15-dən gec olmayaraq arayışa dair rəy və təkliflərini Maliyyə Nazirliyinə təqdim edir.

Maliyyə Nazirliyində vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılır. Dövlət Gömrük Komitəsi tərəfindən xarici ticarət fəaliyyəti iştirakçılarının gömrük güzəştlərinə dair məlumatlar “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin aparılması məqsədilə təqdim olunur.

Nəzərə alaq ki, idxalın həcmi ötən illərlə müqayisədə demək olar eyni səviyyədə müşahidə olunsa da, lakin illik büdcə öhdəliyi artan yekunla proqnozlaşdırılır. Statistik göstəricilərin təhlili göstərir ki, idxal rüsumu üzrə azadolmalar ümumi idxala münasibətdə 2020-ci ildə 59,01 % olduğu halda, 2021-ci ildə bu göstərici 55,04 %-ə, əlavə dəyər vergisi üzrə azadolmalarda isə 2020-ci il üzrə 25,51 % təşkil etdiyi halda, 2021-ci ildə 20,62 %-ə bərabər olub.

- 2020-2021-ci illərdə pandemiyanın davam etməsi və dövlət sərhədlərinin bağlı olması gömrük strukturunun fəaliyyətində hansı yeniliklərin həyata keçirilməsinə səbəb olub?

- Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, o cümlədən profilaktik tədbirlərin görülməsi məqsədilə ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan gömrük əməkdaşları tibbi ləvazimatlar və digər preparatlarla (əlcək, tibbi maskalar, qoruyucu geyim və dezinfeksiyaedici vasitələr) təmin edilir, gömrük əməkdaşlarının fəaliyyət göstərdiyi, həmçinin vətəndaşların və nəqliyyat vasitələrinin kütləvi keçdiyi ərazilər, eləcə də yoluxma riski olan digər yerlər mütəmadi olaraq dezinfeksiya olunur.

Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli, 35s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nda müəyyən edilən aidiyyəti tapşırıqların icrası təmin edilib.

COVID-19 pandemiyası dövründə xəstəliyin xüsusiyyətlərini və spesifikasını nəzərə almaqla, sərhəd buraxılış məntəqələrinin və orada tətbiq edilən prosedurların Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı “Yerüstü sərhəd keçid məntəqələrində COVID-19-un yayılmasına nəzarət” tövsiyələrinə uyğunluğunun təmin edilməsi məqsədilə ÜST-nin ekspertləri ilə birgə Heydər Əliyev Beynəlxalq Hava limanında, “Beynəlxalq Dəniz Ticarət Limanı”, “Samur” və “Astara” gömrük postlarında qiymətləndirmə aparılıb və qiymətləndirmə haqqında ÜST-in ekspertləri tərəfindən təqdim edilən hesabat təhlil olunaraq müvafiq tədbirlər görülüb.

Xüsusi təhlükəli yoluxucu xəstəliklərin gömrük-sərhəd buraxılış məntəqələrində dayanıqlı surətdə risklərin azaldılması və qarşısının alınması məqsədilə Komitənin Tibbi Xidmət İdarəsinin tərkibində Sanitar-Karantin Xidməti yaradılıb.

COVID-19 infeksiyasının ölkəmizin ərazisində yayılmasının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən kompleks tədbirlərin davamı olaraq, profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Komitənin Tibbi Xidmət İdarəsinin tərkibində müasir “PZR” laboratoriyası yaradılıb və gömrük əməkdaşlarının müvafiq qaydada müayinələrə cəlb edilməsi işi hazırda davam edir.

Həmçinin COVID-19 infeksiyasının müalicəsi üçün nəzərdə tutulan malların gömrük-sərhəd buraxılış məntəqələrindən prioritet qaydada keçidi təmin olunur.

Onu da qeyd edim ki, ölkə ərazisindən həyata keçirilən beynəlxalq yük daşımalarında, o cümlədən idxal və tranzit əməliyyatlarında hec bir məhdudiyyət tədbirləri müəyyən edilməyib.

Ümumiyyətlə, koronavirus pandemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, bu xəstəliyə yoluxmada şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə işlər, o cümlədən digər lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir.

Ölkə səhiyyəsinə dəstək olmaq məqsədilə 2020-ci ildən etibarən Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı COVID-19 infeksiyası ilə mübarizəyə qoşularaq pandemiya xəstəxanası kimi fəaliyyət göstərməkdədir. Mərkəzi Gömrük Hospitalı bütün tibb personalı və texniki imkanları ilə COVID-19 infeksiyasına yoluxmuş vətəndaşlarımızın müalicəsi üçün mübarizəsini müvəffəqiyyətlə davam etdirir. Hospitalımızda xəstələrin müalicəsində tibbin yeniliklərindən geniş istifadə edilir və xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (ECMO) cihazı ilk dəfə məhz bizim Hospitalda tətbiq edilib.

Pandemiya ilə mübarizəni gücləndirmək məqsədilə Mərkəzi Gömtük Hospitalında ən qısa zamanda yaradılmış PZR laboratoriyası bu iki il ərzində aktiv fəaliyyət göstərib. Hospitalda müasir Real vaxtlı PZR (Real-Time PCR) laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2/BSL2+) standartlarına tam cavab verir. Bu laboratoriyada çalışan yüksək peşəkar tibb komandası müasir standartlarla genetik analizlər aparır. Hazırda bu laboratoriyanın fəaliyyəti ölkəmizdə SARS-CoV-2 virusuna yoluxması ehtimalı olan insanların, xüsusilə gömrük əməkdaşlarının Real-Time PZR testlərindən keçirilməsi prosesindən ibarətdir.

- Bu yaxınlarda Sizin müvafiq əmrinizlə bir sıra gömrük əməkdaşlarının xidməti yerləri dəyişdirildi. Bu cür yerdəyişmələr nə ilə bağlıdır?

- Gömrük orqanı əməkdaşlarının xidmət yerinin seçilməsi və ya dəyişdirilməsi Dövlət Gömrük Komitəsinin 21 sentyabr 2018-ci il tarixli, 100/196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun həyata keçirilir.

- Bu il üçün Dövlət Gömrük Komitəsinin planları nədən ibarətdir?

- Bildirmək istərdim ki, sərhədlərdə sürətli keçidin təmin olunması, vətəndaşlara müasir və innovativ gömrük xidmətlərinin göstərilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına yardım edəcək yeni nəzarət mexanizmlərinin və innovativ metodların tətbiqi sahəsində tədbirlərin həyata keçirilməsi əsas prioritet hədəflərimizdəndir.

Gömrük-sərhəd buraxılış məntəqələrində şəxslər tərəfindən yerinə yetirilməli olan prosedur və əməliyyatları daha da təkmilləşdirməklə sərf olunan vaxt və xərc normalarının minimallaşdırılması, ödəmə sistemlərinin daha da təkmilləşdirilməsi (ATM, yeni ödəniş terminalları və POS-terminalların quraşdırılması və s.), müasir dövrün tələblərinə uyğun olaraq Elektron Ticarət və Poçt Göndərişləri sahəsində artan tendensiyanı nəzərə alaraq bu sahədə gömrük tənzimlənməsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda, beynəlxalq standartların tələblərinə cavan verən sərhəd infrastruktur vahidlərinin formalaşdırılması və gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun yaxşılaşdırılması məqsədilə, eləcə də gələcəkdə bəzi gömrük-sərhəd buraxılış məntəqələrindən ixtisaslaşdırılmış şəkildə yalnız şəxslərin, minik nəqliyyatı vasitələrinin, avtobusların və ya yük nəqliyyat vasitələrinin keçidini təmin etmək üçün istifadə olunması ilə əlaqədar işlərin sistemli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Həmçinin, kadr potensialının artırılması, gömrük əməkdaşlarının peşə biliklərinin və psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə regional baş idarələrin tabeliyində olan gömrük postlarının fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, orada xidmət keçən əməkdaşlar üçün ehtiyac duyulan sahələr üzrə peşəkar təlimçi, mütəxəssis və psixoloqlar cəlb olunmaqla təlim, treninq və seminarların təşkil edilməsi nəzərdə tutulur.

2022-ci ildə risklərin idarəolunması sahəsində hədəfimiz isə ilk növbədə ötən il başladılan layihələrin uğurla icra olunmasıdır. Bundan başqa, ticarət dövriyyəsinin və buna uyğun məlumat həcminin ildən-ilə artması Dövlət Gömrük Komitəsi üçün yeni çağırış olmaqla, məlumat bazalarından daha səmərəli və müasir istifadəni tələb edir. Bu səbəbdən dünya təcrübəsinə istinad edərək süni intellektin gömrük fəaliyyətinə inteqrə olunmasının perspektivlərinin araşdırılması 2022-ci ildə həmin sahə üzrə prioritet istiqamətlərdən biri olacaq.

Xarici ticarət iştirakçılarına göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, vətəndaş məmur təmasının minimuma endirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə yeni elektron xidmətlərin istifadəyə verilməsidir.

Bu il Komitə tərəfindən xarici ticarət iştirakçıları üçün “e.customs.gov.az” portalı vasitəsilə təqdim edilən elektron xidmətlərin sayının artırılması planlaşdırılıb. Ümumi olaraq portal üzərindən təqdim edilən elektron xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulur. Bu xidmətlər “Smart Customs” mobil tətbiqinə də mərhələli şəkildə inteqrasiya edilərək tətbiq üzərindən istifadəyə veriləcək. Eyni zamanda, həm portal, həm də mobil tətbiqdə qeydiyyatdan keçmədən müəyyən elektron xidmətlərdən yararlanmaq imkanı yaradılacaq.

Bu il “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən istifadəyə verilməsi nəzərdə tutulan elektron xidmətlərdən biri də sərnişinlər üçün sadələşdirilmiş bəyannamə xidmətidir. Sadələşdirilmiş bəyannamə daha geniş və əhatəli bir xidmət olmaqla, elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləndiyi “e.customs.gov.az” portalı və “Smart customs” mobil tətbiqi üzərindən vətəndaşların istifadəsinə veriləcək.

Həmçinin Qısa İdxal Bəyyannaməsi elektron xidmətinin də yeni versiyada həm portal, həm də mobil tətbiq üzərindən istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsi bu il ərzində də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi