Rəsmi Tehran Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib

Rəsmi Tehran Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib İran beynəlxalq səviyyədə terrorizmlə mübarizə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır
Biznes
22 Dekabr , 2015 17:48
Rəsmi Tehran Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib

Bakı. 22 dekabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində bir sıra görüşlər keçirib. “Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilən görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Ş.Mustafayev qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi ölkələr arasında iqtisadi, ticarət və turizm sahəsində əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək, yükdaşımaların həcmi artacaq.

M.Vaezi İran və Azərbaycan arasında iqtisadi, ticarət, elmi və mədəni sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlər ölkələr arasında əlaqələrin daha da inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Ş.Mustafayevin İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə görüşündə iqtisadi-ticarət, maliyyə, bank, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Nazir bildirib ki, son dövrdə ölkələr arasında 50-ə yaxın qarşılıqlı səfərin həyata keçirilməsi, biznes forumların təşkili əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir. 

Bildirilib ki, Dövlət Komissiyasının 10-cu iclası çərçivəsində Azərbaycan və İranın mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr də aparılıb. 

İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilən görüşdə nazir Ş.Mustafayev Azərbaycanda beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilən uğurlar, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə məlumat verib.

Azərbaycan nümayəndə heyəti səfər zamanı İranın birinci vitse-prezidenti İshaq Cahangiri tərəfindən qəbul edilib. Görüşdə İ.Cahangiri İranın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib, ölkələsinin Azərbaycanla regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizədə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Ş.Mustafayev Azərbaycanın İranla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün potensialın böyük olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi