Paytaxtın ticarət dövriyyəsi 5 %-dək artıb
- 09 avqust, 2022
- 08:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 % artaraq 13 milyard 005,5 milyon manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 % artaraq 7 milyard 779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 % azalaraq 5 milyard 226 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,5 milyard manatlıq, o cümlədən 12,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.