Azərbaycandan ötən il meyvə ixracı 24 milyon dollar, tərəvəz ixracı isə 37 milyon dollar artıb

Azərbaycandan ötən il meyvə ixracı 24 milyon dollar, tərəvəz ixracı isə 37 milyon dollar artıb Bəşir Quliyev: "Zirə qəsəbəsində 5 hektar əraziyə 6,5 milyon manat investisiya qoyaraq müasir istixana kompleksi qurmuşam"
Biznes
30 Yanvar , 2017 19:43
Azərbaycandan ötən il meyvə ixracı 24 milyon dollar, tərəvəz ixracı isə 37 milyon dollar artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Azərbaycanda 2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq 2016-cı ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. Azərbaycanda istehsal edilən məhsullar Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, Avropa, ərəb və uzaq Asiya ölkələrinə də ixrac olunur."

"Report" xəbər verir ki, bu barədə yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev məlumat verib.

O bildirib ki, müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində bu sahə bundan sonra da sürətlə inkişaf edəcək, ixrac imkanları daha da artacaq.

Assosiasiyaya rəhbərlik etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan B.Quliyev deyib ki, Zirə qəsəbəsində 5 hektar əraziyə 6,5 milyon manat investisiya qoyaraq müasir istixana kompleksi qurub. İstehsal olunan məhsullar “AzTomato” brendi altında ixrac olunur. 

“İsmayıllı rayonunda pilot layihə olaraq müasir suvarma sistemlərinin tətbiqini, çeşidləmə, qablaşdırma və logistika mərkəzini özündə birləşdirən, ümumi dəyəri 5 milyon manat olan intensiv kartofçuluq təsərrüfatı yaratmışıq. Bu layihənin icrası məqsədi ilə dövlətin 2 milyon manat güzəştli kreditindən istifadə etmişik. Əsas hədəfimiz qısa zaman ərzində torpaq sahələrini genişləndirərək bu layihənin bazasında aqroparkın yaradılmasını təmin etməkdir. Aqroparkda istehsal olunacaq məhsullar daxili bazarı təmin etməklə yanaşı, əsasən ixrac olunacaq” - sahibkar bildirib.

Son xəbərlər

Orphus sistemi