Bu gün ölkədə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən müxtəlif istiqamətlərdə geniş dəstək tədbirləri həyata keçirilir.
"Report" xəbər verir ki, bunu bu gün keçirilən “Azərbaycan İstehsalçılar Festivalı 2022” satış-yarmarkasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, bu baxımdan, sahibkarların bazarlara çıxışının dəstəklənməsi də KOBİA-nın fəaliyyətinin prioritet istiqamətini təşkil edir: "Ötən illərin davamı olaraq, cari ildə də xaricdə və ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarlar KOBİA-nın dəstək proqramı çərçivəsində təmsil olunmuşdur. Belə ki, Türkiyənin Antalya şəhərində “28-ci Beynəlxalq Qida və İçki Sərgisində, İstanbul şəhərində “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisində, Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində beynəlxalq sərgidə, Qətər Dövlətinin Doha şəhərində 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq 6 ay davam etmiş “Global Village” sərgisində ölkəmizin sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim ediblər".
O. Məmmədov qeyd edib ki, bu il ərzində Bakı və Gəncə şəhərlərində, o cümlədən Şəmkir rayonunda keçirilən “KOB FEST” festivallarında sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları, göstərdikləri xidmətlər, sənətkarların və yaradıcı şəxslərin əl işləri və digər sahələrdə məhsul və xidmətlər nümayiş olunub: "Ötən günlərdə Bakı Ekspo Mərkəzində keçirilmiş “CaspianAgro” və “InterFood Azerbaijan” sərgilərində də KOBİA-nın dəstəyi ilə 12 KOB subyekti məhsul və xidmətlərini təqdim etmiş, satış imkanlarını və işgüzar əlaqələrini genişləndirib".
KOBİA-nın sədri qeyd edib ki, bu gün şəhərimizdə bu qəbildən tədbirlərin davamı olaraq, iştirak etdiyimiz “Azərbaycan İstehsalçılar Festivalı 2022” sərgi-satış yarmarkası təşkil olunub: "Satış-yarmarkası KOB-ların məhsullarının yeni bazarlara çıxışı ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, habelə həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir. Yarmarkada ölkəmizdə istehsal sahəsində fəaliyyət göstərən 150-yə yaxın KOB subyektinin istehsal etdiyi geyim, əl işləri, çap və qida məhsulları, eləcə də KOB-lar tərəfindən göstərilən digər xidmətlər təqdim edilir. Yarmarka çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunur, bu da uğurlu iş adamları ilə təcrübə mübadiləsinə şərait yaradır. Tədbirin şəhər mərkəzində keçirilməsi həm daha çox alıcı auditoriyasının cəlb olunması, həm də şəhərimizin qonaqlarının asudə vaxtının maraqlı keçməsi baxımından əhəmiyyətli olacağını düşünürük.
Bu isə, öz növbəsində, Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında xarici müştərilərə təqdim edilməsi və ixrac imkanlarının genişlənməsinə də töhfə verəcək. Ümidvaram ki, bu gün təşkil olunan tədbirdən həm sahibkarlar, həm də ziyarətçilər məmnun qalacaqdır. Qazanılacaq təcrübə isə biznes subyektlərinin fəaliyyətlərini təkmilləşdirməsinə və genişləndirməsinə xidmət edəcək".