"Azərbaycana məxsus müxtəlif şirkətlər Rusiya iqtisadiyyatında, o cümlədən turizm sektorunda fəaldır".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Udmurtianın ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə bildirib.
"Ötən ilin dekabr ayında Azərbaycan investisiyaları hesabına Rusiyada 5 ulduzlu “İstoçnik Jeleznovodsk” sanatoriyası açılıb, Yessentukidə isə “İstoçnik” sanatoriyası fəaliyyət göstərir. Rostov-na-Donuda Ticarət və Logistika Mərkəzinin tikinti layihələrinin icrası istiqamətində də işlər aparılır. Bundan əlavə, sahibkarlarımız Rusiyada keçirilən müxtəlif sərgilərdə fəal iştirak edirlər. Onların arasında hər il keçirilən "Worldfood", "Prodexpo", "Mosbuild"və digər sərgilər də var ki, yerli şirkətlərimiz “Made in Azerbaijan” vahid stend altında çıxış edirlər. 10 gün əvvəl 30-dan çox Azərbaycan şirkəti "Prodexpo" 2022-də iştirak edərək Moskvadan qayıtdı və ümid edirik ki, bu sərgidə işgüzar dairələr arasında aparılan danışıqlar səmərəli nəticələrə gətirib çıxaracaq", - o deyib.
N.Səfərov vurğulayıb ki, bu gün Rusiya bazarı kənd təsərrüfatı məhsullarının ixracı baxımından Azərbaycan üçün ən vacib və ənənəvi bazarlardan biridir:" Mövsümi məhsullarımızın əksəriyyəti Rusiya bazarına çıxır. Burada bir neçə gün əvvəl baş vermiş mühüm hadisəni qeyd etmək istəyirəm. Fevralın 12-də Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiya İxrac Mərkəzinin (RİM) dəstəyi ilə “Agroexpress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı yola düşüb. İlk yük Rusiya bazarında böyük tələbat olan xurma idi. Yeni layihə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına kömək edəcək, həmçinin səmərəli qurulmuş ixrac sayəsində çatdırılma müddətlərini və nəqliyyat xərclərini azaldacaq".