Türk İnvestisiya Fondu türkdilli ölkələr arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə bildirib.
O xatırladıb ki, Fond ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edir.
"Türk İnvestisiya Fondunun təsisçisi olan ölkələrdən biri kimi, biz onun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına inanırıq. Fondun imkanlarından maksimum istifadə edərək, ortaq layihələr və innovativ təşəbbüslərlə iqtisadi inteqrasiyamızı daha da dərinləşdirməyə çağırırıq. Bu cür əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq, qlobal bazarlarda daha güclü mövqe tuta bilərik", - deyə nazir müavini qeyd edib.