Narqis Vik: "Azərbaycanda qida emalı avadanlıqlarına tələbat artır"
- 27 oktyabr, 2026
- 09:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Azərbaycanda meyvə, tərəvəz, ət, süd və taxıl emalı üçün müasir texnologiyalara və avadanlıqlara, eləcə də soyutma, saxlama və qablaşdırma sahələrində qabaqcıl həllərə artan tələbatı qeyd edir.
"Report" xəbər verir ki, bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") icraçı direktoru Narqis Vik Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-konfransında bildirib.
O vurğulayıb ki, Azərbaycanın qida sənayesi fəal inkişaf dövrünü yaşayır və böyümə potensialı genişlənməkdə davam edir: "İqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün strateji prioritetdir. Kənd təsərrüfatı sektoru və qida sənayesi bu transformasiyada əsas rol oynayır. Azərbaycan çoxşaxəli aqrar bazaya, əlverişli təbii şəraitə, habelə ərzaq təhlükəsizliyini möhkəmləndirmək və ixracı artırmaq əzminə malikdir. Perspektivlər yalnız istehsal həcminin artırılmasından ibarət deyil. Söhbət bilavasitə Azərbaycanda daha çox əlavə dəyərin formalaşdırılmasından gedir".
"AHK Azerbaijan"ın rəhbəri dəqiqləşdirib ki, bu, xammalın yerli emalını, məhsuldarlığın artırılmasını, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını və itkilərin azaldılmasını nəzərdə tutur:
"Alman həlləri həmçinin qida təhlükəsizliyinin təmin edilməsinə, təchizat zəncirlərinin izlənilə bilməsinə və beynəlxalq sertifikatlaşdırmadan keçməyə kömək edə bilər. Bu, xarici bazarlara çıxmağı hədəfləyən şirkətlər üçün son dərəcə vacibdir. Azərbaycanın ambisiyaları var, alman şirkətləri isə texnologiyalar, ekspertiza və əməkdaşlığa uzunmüddətli sadiqlik təklif edir. Bütün bunlar davamlı, qarşılıqlı faydalı tərəfdaşlıq üçün etibarlı təməl formalaşdırır".