“Miniboss Business School Baku” tələbələrinin startapları üzrə Milli Çempionatın qalibləri müəyyənləşib
- 08 iyun, 2024
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Miniboss Business School Baku” tərəfindən keçirilən startaplar üzrə Milli Çempionatın qalibləri müəyyənləşib.
"Report" xəbər verir ki, startap çempionatında 1-ci yeri 621 balla "Ecoleaf" komandası tutub.
2-ci pilləni 564 balla "Meyvali" və 3-cü yeri isə 548 balla "Az-Bathty" komandası tutub.
Bundan başqa, 6 nominasiya üzrə qaliblər müəyyənləşib.
Belə ki, "Ən yaxşı təqdimat" nominasiyasının qalibi "Explorer Azerbaijan", "Ən kreativ ideya" nominasiyasını "Flash Skateboards", "Ən innovativ ideya" nominasiyasının qalibi "Content & Care", "Ən uğurlu brend adı" nominasiyasının qalibi "Cashy", "Ən yaxşı çıxış" nominasiyasının qalibi isə "Dill Buzz" və "Memory Book" və "Ən yaxşı məhsul dizaynı" nominasiyasının qalibi isə "Cultstick" komandaları olub.
"Ecoleaf" komandasının layihəsi xüsusi kağızlardan hazırlanın dəftərlərin istehsalını nəzərdə tutur. Bu layihə üçün 1 162 manat qrant ayrılıb.
"Meyvali" meyvə ağaclarının yetişdirilməsinə yönələn, unikal hədiyyələr təqdim etmək məqsədi daşıyan layihədir. Hər bir ağacın sahibinin məlumatlarını və ağacın dəqiq yerini göstərən sertifikatı olur. Bu məlumatları isə "Google Xəritə"də tapmaq imkanı yaradır. Bu ağaclardan meyvələr yığılıraq sahiblərinə göndərilir. "Meyvali" layihəsi üçün 3 015 manat qrant ayrılıb.
"Az-Bathty"nin təqdim etdiyi layihə təbii yerli məhsullardan hazırlanmış SPA və dəriyə qulluq dəstidir və Azərbaycanın hamam mədəniyyətini təbliğ etmək məqsədi daşıyır. Bu layihə üçün 3 112 manat qrant ayrılıb.
"Explore Azerbaijan" layihəsi Azərbaycan mədəniyyətinə və irsinə maraqlı səyahəti nəzərdə tutan startapdır. Bu layihə üçün 1 337 manat qrant ayrılıb
"Flash Skateboard" əl işi dizaynları ilə seçilən unikal skeytbordların istehsalı üzrə ixtisaslaşan layihədir. Bu layihə üçün 877 manat qrant ayrılıb.
"Connect & Care" layihəsi ailədaxili münasibətləri gücləndirmək, açıq ünsiyyəti təşviq etmək və birlikdə keçirilən vaxtı səmərəli şəkildə artırmaq məqsədi daşıyan, valideynlər və uşaqlar üçün düşündürücü kart oyunudur. Bu layihə üçün 1 127 manat qrant ayrılıb.
"Dill Buzz"un layihəsinin məqsədi məşhur xarici uşaq şoularını, cizgi filmlərini və yaxud animasiyaları yerli dilə çevirmək və media platformalarında yaymaqla azərbaycanlı uşaqlar üçün daha əlçatan etməkdir. Bu layihə üçün 912 manat qrant ayrılıb.
"Memory book" layihəsi səyahətin ən yaddaqalan anlarını əbədiləşdirmək üçün imkanlar yaradır. Bu layihə üçün 687 manat qrant ayrılıb.
"Cultstick" əsasən yerli mədəniyyətə - kino, musiqi, tarix, yemək, memarlıq, ədəbiyyat və sairəyə yönəlmiş geyim, ayaqqabı, aksesuar və şəxsi əşyalar üçün stikerlər toplusudur. Bu layihə Azərbaycan mədəniyyətindən ilhamlanır və onu yaxşı tanımağa, dəbli aksesuar kimi istifadəsinə çalışır. Bu layihə üçün 1242 manat qrant ayrılıb.
Qeyd edək ki, startaplar üzrə Milli Çempionat 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilirdi. Tələbələr tərəfindən hazırlanan məhsulları "Gənclik Mall" ticarət Mərkəzində təşkil olunan satış sərgisində 16 may-16 iyun tarixlərində əldə etmək olar.