Maliyyə Nazirliyi Bakının Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirdiyi iddialara münasibət bildirib.
"Report" xəbər verir ki, Nazirliyin açıqlamasında deyilir:
"Sovetski”dən vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.
Ərazidə alınma və köçürmə işlərini torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal Rayon İcra Hakimiyyəti (RİH) icra edib, Maliyyə Nazirliyi isə alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.
Köçürülmə ərazisinə düşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Hesablanmış məbləğlər Yasamal RİH-in sakinlərlə ilkin razılaşma əldə etdikdən sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Və bununla əlaqədar alqı-satqı dövründə sakinlər tərəfindən heç bir irad bildirilməyib. Hər bir sakinlə bağlanmış əqdlərin sürətləri bu gün də mövcuddur və istənilən şəxs həmin alqı-satqı müqavilələri ilə tanış ola bilər.
Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1 000 manat köçmək üçün vəsait ödənilib.
Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.
Maliyyə Nazirliyi bir daha bəyan edir ki, könüllü razılıq əsasında notarial qaydada bağlanan əqdlərə uyğun olaraq köçürülmüş həmin şəxslərin xeyli müddətdən sonra yenidən peyda olaraq şikayətlər səsləndirmələri, bəzi şəxslər tərəfindən koordinasiya olunaraq dövlət qrumlarının qarşısına toplaşmaları, dəfələrlə şifahi və yazılı qaydada onlara izahat verilməsinə baxmayaraq Yasamal RİH və Maliyyə Nazirliyindən əlavə vəsait tələb etmələri, mətbuatda və sosial şəbəkələrdə dövlət orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə qarşı iradlar səsləndirmələri tam əssasızdır və həqiqəti əks etdirmir.
Bununla yanaşı qeyd olunmalıdır ki, sözügedən alqı-satqı müqavilələri hazırda qüvvədədir və onların şərtləri müqavilə tərəfləri üçün məcburi xarakter daşıyır. Qanunvericiliyə uyğun olaraq müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin məcburi qaydada dəyişdirilməsi və yaxud ləğv edilməsi müvafiq məhkəmələrin səlahiyyətindədir.
Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun da alınmanın təsirinə məzur qalmış şəxslərin məhkəmə müdafiəsinə təminat verir.
Göstərilənlərə əsasən keçmiş “Sovetski” adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və aşayişin pozulması ilə müşaiyət olunan destruktiv fəaliyyətdən, bir qrup şəxslərin təhriki ilə əlavə vəsait tələb etməkdən çəkinməyə çağırır və iddia tələbləri ilə bağlı müvafiq məhkəmələrə müraciət etmələrini tövsiyə edirik".