Latviya ölkənin kənd təsərrüfatı istehsalına daxil olmayan Azərbaycan məhsullarının ixracını dəstəkləmək niyyətindədir.
Bunu "Report"a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
“Bu həftə Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Əsas vəzifə ixrac və idxalın, eləcə də Azərbaycanla ticarət mübadiləsinin təşviqini müzakirə etmək idi. Latviya Azərbaycanla əla tərəfdaşlıq münasibətlərinə malikdir”, - o bildirib.
Səfirin sözlərinə görə, səfər zamanı həmçinin Azərbaycanın İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qida Təhlükəsizliyi Agentliyi ilə görüşlər təşkil olunub: “Bu görüşlər artıq yaxşı nəticələr verib, amma əsas məsələ müzakirə olunanların həyata keçirilməsidir. İndi biz öz işgüzar dairələrimizə müraciət edəcəyik və müəyyən özəl şirkətləri Azərbaycanla daha fəal əməkdaşlığa maraqlandırmağa çalışacağıq”.