Koordinator: Azad Mirzəcanzadə İnkişaf Proqramında istənilən ideya qəbul olunur və dəyərləndirilir - MÜSAHİBƏ

Biznes
  • 19 may, 2025
  • 15:04
Koordinator: Azad Mirzəcanzadə İnkişaf Proqramında istənilən ideya qəbul olunur və dəyərləndirilir - MÜSAHİBƏ
Leyla Seyidzadə

Azad Mirzəcanzadə İnkişaf Proqramı son illərdə ölkəmizdə layihələrin inkişaf və icrasına dəstək verən mühüm təşəbbüslərdən biridir. Artıq proqram əsasında bir müsabiqə yekunlaşıb. Hazırda isə ikinci müsabiqəyə layihələrin qəbulu və dəyərləndirilməsi həyata keçirilir.

Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə layihə barədə “Report”un suallarını cavablandırıb.

– Leyla xanım, Azad Mirzəcanzadə İnkişaf Proqramının əsas ideyası nədir?

– Proqramın əsas ideyası və ümumilikdə məqsədi insan kapitalının inkişafına töhfə verməkdir. Çünki bu mövzu hazırda həm ölkəmiz, həm də dünya üçün aktual və prioritetdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə insan kapitalının prioritet olmasını vurğulayıb. Biz də Azad Mirzəcanzadə İnkişaf Proqramı ilə ölkəmizdə istedadlı, innovativ və yaradıcı-tənqidi düşüncəyə malik insanları aşkara çıxararaq onlara dəstək göstəririk.

– Proqramın ilk mərhələsində 6 qalib seçilib və onlar həm maliyyə, həm də ekspert dəstəyi ilə təmin edilib. Bu mərhələnin nəticələrini necə qiymətləndirirsiniz?

– Bilirsiniz, bəzən bu cür proqramlara yanaşma formal olur. İnsanlar düşünə bilər ki, bu proqram da çoxsaylı proqramlar kimi, sadəcə, “kvota” doldurmaq üçün həyata keçirilir. Amma mən tam əminliklə deyə bilərəm ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində seçdiyimiz 6 qalibin hər biri layihəmizin məqsəd və prinsiplərinə tamamilə uyğun olub. Eləcə də zamanla biz həm də görürük ki, seçimlərimiz bizi yanıltmır, qalib seçib maliyyə ayırdığımız layihələr və məzunlarımız özlərini doğruldur.

Əlbəttə, maliyyə dəstəyi ilə yanaşı, qalib layihələr davamlı ekspert dəstəyi ilə də təmin olunur. Ekspertlərlə təcrübə mübadiləsi, məsləhətləşmələr layihələrin təkmilləşdirilməsində əsaslı rola malikdir. Ümumilikdə, bu mərhələni, onun icrasını çox uğurlu hesab etmək olar.

– Bəs proqrama müraciət edənlər üçün hansısa seçim meyarları varmı və ümumiyyətlə, seçim prosesində ən çox diqqət yetirilən xüsusiyyətlər hansılardır?

– Bizim proqram, əslində, qeyri-standartdır, bu mənada, meyarlarımızın da qeyri-standart olduğunu demək olar. Fikrimi aydına çıxararaq, belə izah edim ki, biz iştirakçının sözündən daha çox onun əməlinə, – söhbət layihənin icrasından gedir, – həyata keçirilməsi prinsipinə fikir veririk. Şübhəsiz, burada onun peşəkarlığı, yanaşma tərzi, layihənin icrasına baxışı və sair məsələlər də əhəmiyyətli məqamlardır. Digər bir məsələ isə ondan ibarətdir ki, təqdim olunan layihələr ümumi rifaha xidmət etməlidir. Yəni təqdim olunan layihədə hər hansısa bir problemin həlli, yaxud yeni düşüncə mexanizmi fərdiliyi yox, ümumi rifahı özündə ehtiva etməlidir.

Onu da deyim ki, proqramın əsas prinsiplərindən biri layihələrin mövzusu üzrə heç bir məhdudiyyətin olmamasıdır. Yəni burada istənilən sahədə ideyalar qəbul olunur və dəyərləndirilir.

– Aydındır. Qalib şəxslərdən birinin müsahibəsini oxudum. Orada vurğulanırdı ki, proqram onlar üçün yüksək səviyyədə mentorluq dəstəyi də təqdim edib. Ümumiyyətlə, mentorluq proqramı necə təşkil olunur və kimlər tərəfindən həyata keçirilir?

– Bəli, doğru qeyd etdiniz ki, proqram qalib layihələr üçün xüsusi mentorluq dəstəyi də təmin edir. Burada mentor qismində Azad Mirzəcanzadənin məzunları çıxış edir. Proses haradasa bir aya yaxın davam edir və bu müddət ərzində layihə qalibləri ilə mentorlar arasında təkbətək görüşlər, yaxud ümumi seminar xarakterli görüşlər təşkil olunur. Sözsüz, bu görüşlərdə aparılan fikir və təcrübə mübadiləsi layihə qalibləri üçün çox qiymətlidir. Onu da qeyd edim ki, biz mentorluq müddətini bir ay desək də, ümumilikdə, qaliblərlə onlar arasındakı əlaqə davamlı xarakter daşıyır.

– Proqram iştirakçılarının həm peşəkar, həm də şəxsi inkişafını təşviq edən təlimlər təşkil olunur. Bəs bu təlimlərin məzmunu necə formalaşdırılır?

– Düşünürəm ki, Azad Mirzəcanzadə İnkişaf Proqramındakı bu kimi təlimlər və onlara yanaşma da digər proqramlardan fərqlidir. Çünki biz təlimləri öncədən planlaşdırmırıq. Əvvəlcə iştirakçılar arasından qaliblər seçilir və analiz edilir. Qalib layihələrin əhatə etdiyi sahələr, maraqlar, layihələrinin prinsipləri və digər məsələlər təhlil edildikdən sonra sırf bu istiqamətlərdə təlimlər düşünülür və həyata keçirilir.

– Proqramın gələcək hədəfləri barədə danışmağınızı istəyirəm. Yəni proqramın gələcək mərhələləri üçün hansı planlar mövcuddur? Ola bilərmi ki, yeni sahə və istiqamətlər baxımından proqram genişləndirilsin?

– Əlbəttə, planlar çoxdur. Biz 2023-cü ildə, sadəcə, pilot layihə idiksə, hazırda tamhəcmli layihə formatındayıq. Bayaq da qeyd etdiyim kimi, ilk gündən bütün istiqamətlərdə layihələrin qəbulunu həyata keçirmişik. Ola bilər ki, bəli, gələcəkdə özəl sektorlarla da çalışaq. Məsələn, ilkin olaraq kiçik layihələr ola bilər – insan kapitalının inkişafı ilə bağlı təlimlər və digər bu yanaşmada olan layihələr.

Daha sonra düşünürük ki, zamanla qaliblərin sayını da artıraq. Çünki müraciətlərə baxdıqca, həqiqətən, uğurlu layihələrin çoxluğunun şahidi oluruq. Biz 2024-cü ildə 6 qalib seçmişiksə, builki müsabiqədə 10 qalib seçməyi planlaşdırırıq.

– Leyla xanım, proqram çərçivəsində həyata keçirilmiş təşəbbüslər arasında sizi xüsusilə təsirləndirən və ya nümunə göstərmək istədiyiniz bir layihə varmı?

– Böyük qürur hissi ilə deyə bilərəm ki, seçilən 6 qalibin hər biri öz layihəsini lazımi formada və uğurla icra edib. Bu mənada, hansısa bir layihəni ayrıca qeyd eləmək istəməzdim. Deyim ki, qalib layihələrin hər biri, son dərəcə, məsuliyyətli yanaşıblar, problemləri tapıb, bu problemlərin həllinə kökləniblər. Məsələn, Qazaxdan bir layihəmiz var idi: o zaman Qazaxda heç bir rəssamlıq kursu yox idi. Bizim qalib layihənin ideya müəllifi ailə qurub Bakıdan Qazaxa köçmüşdü, özü də rəssam idi. Bu proqram sayəsində artıq Qazaxda ilk rəssamlıq kursunu açıb.

Əlbəttə, uğurlu layihə və onun icrası cəmiyyətə, eləcə də cəmiyyəti əlaqədar edən sahələrə xidmət etdikdə proqramın, doğrudan da, hədəfinə çatdığının şahidi oluruq. Bu da, sözsüz, bizi sevindirir.

Koordinator: Azad Mirzəcanzadə İnkişaf Proqramında istənilən ideya qəbul olunur və dəyərləndirilir - MÜSAHİBƏ

Son xəbərlər

Bütün Xəbər Lenti