Kolumbiyanın Azərbaycandakı səfirliyi azərbaycanlı sahibkarları “İkinci beynəlxalq qəhvə, kakao və aqroturizm” sərgisində iştiraka dəvət edir.
“Report” xəbər verir ki, sərgi sentyabrın 30-dan oktyabrın 2-dək Neiva şəhərində (Huila bölgəsi) keçiriləcək.
Bu ildə sərgi çərçivəsində bir sıra interaktiv tədbirlər keçiriləcək: qəhvə dequstasiyası və qovurma çempionatı, şokolad şouları, kakao haqqında seminarlar, regional barista çempionatı, “Kolumbiya müxtəliflik ölkəsi” kimi milli qəhvə və kakao yarışmaları, “Kakao de oro” müsabiqəsinin mükafatlandırma mərasimi, milli və beynəlxalq səviyyəli nümayəndələrin iştirakı ilə kommersiyalaşdırma mövzusuna dair zəngin akademik proqram və sair.
Kolumbiya hazırda bütün dünyada yumşaq və xüsusi qəhvə istehsalı ilə tanınır. Huila bölgəsi isə öz yumşaqlığı, ətri və dadı ilə seçilən Kolumbiya qəhvəsinin əsas istehsalçılarından biridir.