KOBİA: "Ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanmaqdadır”

KOBİA: "Ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanmaqdadır” “Azərbaycanda təsdiq edilmiş 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanmaqdadır”.
Biznes
8 Dekabr , 2021 11:06
KOBİA: Ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanmaqdadır”
Orxan Məmmədov

“Azərbaycanda təsdiq edilmiş 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanmaqdadır”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.

“Sözügedən strategiya post-pandemiya və post-münaqişə dövrü üçün ölkənin inkişaf istiqamətlərinin əsas konturlarını müəyyən edir və burada, rəqəmsal iqtisadiyyatın inkişafı xüsusi yer tutur. Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış planı çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası reallaşdırılacaq. Bu istiqamətlərdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün ümumilikdə cəmiyyətin, eləcə də bizneslərin adekvat biliklərə malik olması və rəqəmsal potensialının artırılması xüsusi önəm kəsb edir. Bu baxımdan, Agentliyimiz KOB-ların rəqəmsallaşmasını strateji fəaliyyət gündəliyinin əsas istiqamərlərindən biri kimi müəyyən edib. Bu sahədə rəqəmsal mühitin inkişaf etdirilməsi, rəqəmsal biliklərin artırılması və resursların təmin edilməsi daxil olmaqla 3 əsas istiqamət üzrə işlər həyata keçirilir. Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyasında maraqlıyıq. Bu məqsədlə, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. 2021-ci ilin fevral-aprel aylarında Agentliyin təşkil etdiyi 1-ci müsabiqəyə təqdim edilmiş layihələrdən 15-i maliyyələşdirilib. Bura həmçinin, innovativ həll yollarının və rəqəmsal texnologiyaların tətbiqinə əsaslanan layihələr də daxildir. Hər layihə üçün maksimum 20 min manat vəsait ayrılır. Hazırda 2-ci müsabiqə üçün müraciətlərin qəbuluna başlanıb”, - deyə o, qeyd edib.

O.Məmmədovun sözlərinə görə, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən KOBİA “Startap” şəhadətnaməsinin verilməsinə başlayıb: “Şəhadətnamə sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir, həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın, innovativ məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına KOBİA dövlət dəstəyi göstərir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-ni, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-ni dövlət qarşılayır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər".

Son xəbərlər

Orphus sistemi