Naxçıvan Muxtar Republikasının Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda KOB dostları fəaliyyətə başlayıb.
İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Report”un yerli bürosuna verilən məlumata görə, KOB dostları Muxtar Respublikada yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.
KOB dostu ofisləri müvafiq şəhər və rayonlarla yanaşı, ətraf rayonların sahibkarlarına da xidmət edəcəkdir.
KOB dostlarının fəaliyyətə başlaması ilə əlaqədar aprelin 19-da Naxçıvan Biznes Mərkəzində KOBİA-nın təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB dostu mexanizmi barədə ətraflı məlumat verib.
"Hazırda ölkənin 39 şəhər və rayonunda 46 KOB dostu fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının 4 şəhər və rayonunda da KOB dostları fəaliyyət göstərəcək. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir", - O. Məmmədov qeyd edib.
KOBİA-nın sədri Naxçıvan sahibkarlarını KOB dostları ilə aktiv əməkdaşlığa dəvət edib.
O. Məmmədov yaxın günlərdə Naxçıvanda KOB İnkişaf Mərkəzinin də açılacağını qeyd edib. KOB İnkişaf Mərkəzi tərəfindən Naxçıvan sahibkarlarına ödənişsiz olaraq biznesin qurulması və inkişafı istiqamətində məsləhət, təlim, biznes planın hazırlanması və digər xidmətlər göstəriləcəkdir.
Tədbir çərçivəsində KOBİA-nın dəstək və xidmətlərinə dair filmlər nümayiş olunub, sahibkarların çətinlikləri və təklifləri dinlənilib, sualları cavablandırılıb.
KOBİA-nın nümayəndələri həmçinin, “Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışında iştirak ediblər.