Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ölkə regionları üzrə KOB dostlarının sayı 25 şəhər və rayon üzrə 31-ə çatdırılıb.
“Report”un Agentliyə istinadən verdiyi məlumata görə, bu gün növbəti “KOB Dostu” İsmayıllı rayonunda fəaliyyətə başlayıb. Bugündən etibarən İsmayıllı və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün “KOB Dostu”na müraciət edə bilərlər.
Mövcud pandemiya qaydalarına uyğun olaraq məhdud sayda sahibkarın, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair “KOB Dostu”na müraciət edə bilərlər. “KOB Dostu” İsmayıllıda və ətraf bölgələrdə biznesə başlamaq istəyən şəxslərə və sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcəkdir. Həmçinin, “KOB Dostu” sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov “KOB Dostu”nun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.
Sonra Agentliyin fəaliyyətinə, “KOB Dostu” mexanizminə dair filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, İsmayıllı rayonu üzrə “KOB Dostu” ofisi Gənclər Mərkəzində yerləşir. “KOB Dostu” ofislərində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. “KOB Dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərəcək.