İran Mərkəzi Asiya, Qafqaz və Rusiyaya ixracı 50 % artırıb

Biznes
  • 29 may, 2023
  • 13:21
İran Mərkəzi Asiya, Qafqaz və Rusiyaya ixracı 50 % artırıb

İrandan təqvim ilinin ilk ayında (21 mart - 20 aprel) Mərkəzi Asiya və Qafqaz ölkələrinə, o cümlədən Rusiyaya ümumilikdə 215 milyon ABŞ dolları dəyərində mal ixrac edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Ticarətin Təşviqi Təşkilatının rəsmisi Rəhmətullah Xormali deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur.

Hesabat dövründə İrandan ən çox məhsul Rusiyaya (60 milyon ABŞ dolları) ixrac edilib. Onu Azərbaycan (33 milyon ABŞ dolları), Ermənistan (32 milyon ABŞ dolları), Türkmənistan (27 milyon ABŞ dolları) və Özbəkistan (20 milyon ABŞ dolları) izləyib.

Xatırladaq ki, bu ölkələrə ixrac 2022-2023-cü maliyyə ilində (martın 20-də başa çatıb) 3,2 milyard ABŞ dolları təşkil edib ki, bu da, əvvəlki illə müqayisədə 18 % çoxdur. Ötən il İran Rusiyaya 745 milyon ABŞ dollarlıq, Azərbaycana 650 milyon ABŞ dollarlıq, Ermənistana 465 milyon ABŞ dollarlıq, Türkmənistana 460 milyon ABŞ dollarlıq və Özbəkistana 290 milyon ABŞ dollarlıq məhsul ixrac edib.

2022-2023-cü maliyyə ilində İrandan Mərkəzi Asiya və Qafqaz ölkələrinə, o cümlədən Rusiyaya mal ixracı 40% artıb.