Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 42% artıb
- 23 fevral, 2022
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 121 954,6 min ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 42 % artıb.
Sənədə əsasən, ötən ay Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 11 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə və Rusiyadan sonra III yeri tutub.
Yanvarda Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 46 789,3 min ABŞ dolları (+36 %), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 75 165,4 min ABŞ dollarına (+46 %) bərabər olub.
Gürcüstanın ümumi ixracında Azərbaycan 14,1 % paya sahib olmaqla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Bolqarıstandan sonra II yerdə qərarlaşıb. Gürcüstanın ümumi idxalında isə Azərbaycan 9,6% payla qonşu ölkənin Türkiyə və Rusiyadan sonra III əsas idxal tərəfdaşı olub.