Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 13 %-dən çox artıb
- 19 iyun, 2023
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % artaraq 612 milyon ABŞ dolları olub.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, qonşu ölkənin 5 aylıq ticarət dövriyyəsinin 7,3 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 50,2 % artaraq 336,5 milyon ABŞ dolları (ümumi ixracın 13,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 13 % azalaraq 275,5 milyon ABŞ dolları (ümumi idxalın 4,7 %-i) olub.
Yanvar-may aylarında Gürcüstanın ümumi ticarət dövriyyəsinin dəyəri isə illik müqayisədə 19 % artaraq 8 363 milyon ABŞ dollarına çatıb. O cümlədən, qonşu ölkə ixracının dəyərini 18,6 % artıraraq 2 503 milyon ABŞ dollarına, idxalının dəyərini isə 19,1 % artaraq 5 860 milyon ABŞ dollarına çatdırıb. Son nəticədə Gürcüstanın xarici ticarətində 3 357 milyon ABŞ dolları mənfi saldo yaranıb.