Gürcüstanda növbəti "CEO Lunch Tbilisi" keçirilib
- 30 oktyabr, 2017
- 12:21
Bakı. 30 oktyabr. REPORT.AZ/ “Caspian European Club”, “Caspian American Club” və Gürcüstanın “Caspian Energy Georgia” şirkəti Gürcüstanda II “CEO Lunch Tbilisi" təşkil edib.
“Report” xəbər verir ki, “CEO Lunch”da fəxri qonaq qismində Gürcüstanın maliyyə nazirinin birinci müavini Georgi Tabuaşvili, maliyyə nazirinin müavini Laşa Xutsişvili, Mikroiqtisadi təhlil və xəzinə siyasətinin planlanması Departamentinin rəhbəri Yekaterina Mikabadze, Marneuli bələdiyyə başçısı Teymur Abazov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.
Forumda çıxış edən maliyyə nazirinin I müavini G.Tabuaşvili və Maliyyə Nazirliyinin digər nümayəndələri təqdimat keçirib və qonaqlara Gürcüstan iqtisadiyyatındakı son iqtisadi tendensiyalar, həmçinin həyata keçirilən 4 bənddən ibarət sürətli iqtisadi inkişaf layihələri barədə məlumat veriblər. Bundan əlavə, "CEO Lunch Tbilisi"nin bütün iştirakçılarına vergi imtiyazları və Gürcüstanda fəaliyyət göstərən şirkətlərə əlavə imkanlar barədə məlumat verilib.
Səfir D.Həsənov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasındakı qarşılıqlı ticari və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək, investisiyanın cəlb edilməsinə, Azərbaycan və Gürcüstan şirkətləri arasındakı biznes əlaqələrin nizamlanmasına zəmin yaradacaq: “Bir sıra aparıcı layihələr - Azərbaycan və Gürcüstanın iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP boru xətləri, Bakı-Tbilisi-Qars yolu buna əyani sübutdur. Maraqlıdır ki, oktyabrın 30-da Türkiyədən keçməklə Cənubi Qafqazı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirən irimiqyaslı layihənin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçiriləcək”.
“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsinə göstərilən fəal dəstəyə görə Gürcüstan hökumətinə və Azərbaycan səfiri D.Həsənova minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür tədbirlər mütəmadi olaraq təşkil ediləcək.
O xatırladıb ki, sentyabrın 29-da Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, baş nazirin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili, iqtisadiyyat və sabit inkişaf naziri Giorgi Qaxariya, Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqola Nemsadze və səfir D.Həsənovun iştirakı ilə I "CEO Lunch Tbilisi" keçirilib.
T.Əliyevin sözlərinə görə, 2018-ci ilin martında Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyi, həmçinin "Caspian European Club", "Caspian American Club" və Gürcüstanın "Caspian Energy Georgia"nın təşkilati dəstəyilə V Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılış mərasimində Gürcüstanın baş naziri G.Kvirikaşvili və Gürcüstan hökumətinin iqtisadi və energetika blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır.