Gürcüstan Azərbaycanla ticarət dövriyyəsini 18% artırıb
- 19 oktyabr, 2021
- 07:07
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 789,8 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,9 % payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra IV əsas ticarət tərəfdaşı olub.
İlk 9 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 22,3 % artaraq 400,2 milyon ABŞ dollarına bərabər olub. Gürcüstanın ümumi ixracında 13,4 % paya sahib olan Azərbaycan qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yeri tutub.
Qonşu ölkənin Azərbaycandan tədarük etdiyi məhsulların dəyəri isə 389,7 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 8,1 % çoxdur. Gürcüstanın ümumi idxalında Azərbaycan 5,5 % payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V yerdə qərarlaşıb.