Bu gün “Böyük iyirmilik” (G20) ölkələrinin ticarət nazirləri yeni növ koronavirusun yayılması ilə əlaqədar təcili videokonfrans keçirəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, nazirlər tibbi avadanlıq və dərman vasitələrinin beynəlxalq tədarük şəbəkəsini dəstəkləmək üçün əməkdaşlığı müzakirə edəcəklər.
G20 dövlət başçılarının martın 26-da keçirilən sammitindən sonra “iyirmilik” ölkələrinin koronavirusla əlaqəli pandemiyanın maliyyə nəticələrini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına 5 trilyon ABŞ dollarından çox sərmayə qoyacaqları məlum olmuşdu.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 724 min nəfərə yaxındır, 34 minə yaxın adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.