Azərbaycan 2016-cı ildə tutduğu dördüncü yerdən 2024-cü ilin birinci yarısında ikinci yerə yüksələrək, Avrasiya regionunda Rusiyadan sonra ikinci ən böyük investora çevrilib.
“Report” xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) 2024-cü il üzrə hesabatında deyilir.
“2024-cü ilin birinci yarısının sonunda Azərbaycanın qarşılıqlı birbaşa xarici investisiyaları (BXİ) ölkə ÜDM-nin 6,58 %-ni təşkil etdiyi halda, Rusiyada bu göstərici 4,15 %-dir. Beləliklə, Azərbaycanda qarşılıqlı BXİ-nin payı artmaqda davam edir, bu da onu investisiya fəaliyyətində əhəmiyyətli regional oyunçu edir”, - hesabatda qeyd olunur.
Nəzərdən keçirilən dövr ərzində toplanmış birbaşa xarici investisiyaların həcmi təxminən iki dəfə - 1,7 milyarddan 3,1 milyard ABŞ dollarına qədər artıb.
2024-cü ilin birinci yarısının sonuna Azərbaycan investorları 43 layihə həyata keçirib, layihənin orta dəyəri 84 milyon ABŞ dolları təşkil edir.
Azərbaycan şirkətlərinin investisiya yatırdığı əsas sektorlar nəqliyyat (711 milyon ABŞ dolları) və telekommunikasiya (709 milyon ABŞ dolları) sektorlarıdır.
Hesabatda bildirilir ki, azərbaycanlı investorlar anbar təsərrüfatı sahəsində 411 milyon ABŞ dolları dəyərində dörd layihə həyata keçirir və bu, Avrasiya regionu ölkələri arasında maksimal göstəricidir.
Hesabatın müəllifləri Azərbaycanın Ukrayna, Gürcüstan və Qırğızıstandakı bir sıra layihələrini qeyd ediblər.
Belə ki, 2023-cü ilin oktyabrından Azərbaycan şirkəti Qırğız Respublikasında İssık-Kul gölünün sahilində parkı olan beşulduzlu hotelin tikintisinə başlayıb.
“Kara Oy kəndi yaxınlığında 17 hektardan çox ərazidə həyata keçirilən layihənin dəyəri 8-10 milyard Qırğız somu (112 milyon ABŞ dollarından çox) məbləğində qiymətləndirilir”, - hesabatda vurğulanır.