Çin Xalq Respublikasının Bazara Nəzarət üzrə Dövlət İdarəsi antiinhisar qanunvericiliyini pozduğuna görə “Alibaba” şirkətinin 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) məbləğində cərimə olunduğunu elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin saytındaki bəyanatda deyilir.
"İnhisarçılıq haqqında qanunun pozulması ilə əlaqədar “Alibaba”nın cərimələnməsi barədə qərar qəbul edilib. Bu şirkət milli qanunvericiliyi pozmağı dayandırmalıdır, 2019-cu ildə Çindəki satışı 455,71 milyard yuan (69,67 milyard ABŞ dolları) təşkil edən şirkətin cəriməsinin məbləği 4% təşkil edəcək. “Alibaba” 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) ödəməlidir", - sənəddə deyilir.
Sənəddə qeyd edilidiyi kimi, istintaq “Alibaba”nın istehlakçıları öz xidmətlərindən "seçim etmədən" istifadəyə məcbur etmə siyasəti yürütdüyünü təsdiqləyib. "Bu, Çinin elektron ticarət bazarının rəqabət mühitini mənfi təsir etdi", - deyə bildirilir.
Sənədə əsasən, cərimə haqqında qərar real faktlara və mövcud sübutlara əsasən qəbul edilib və istehlakçıların qanuni hüquqlarını qorumağa imkan verəcək.
Qeyd edək ki, şirkət də öz növbəsində bəyanat yayaraq qərarla razılaşdığını bildirib.
Daha əvvəl “The Wall Street Journal” Çinin antiinhisar orqanları elektron ticarət nəhəngi olan “Alibaba” şirkətini rekord məbləğdə cərimələməyi planlaşdırması barədə məlumat yayıb. Mənbələr bildirib ki, “Alibaba”ya tətbiq olunan cərimənin məbləği 2015-ci ildə haqsız rəqabətdə günahlandırılan “Qualcomm”un Çin hökumətinə ödədiyi 975 milyon ABŞ dolları məbləğində olan cəriməni keçəcək.