Çinin antiinhisar orqanları elektron ticarət nəhəngi olan “Alibaba” şirkətini rekord məbləğdə cərimələməyi planlaşdırır.
“Report”un məlumatına görə, bu barədə “The Wall Street Journal” yazıb.
Mənbələrin sözlərinə görə, “Alibaba”ya tətbiq olunan cərimənin məbləği 2015-ci ildə haqsız rəqabətdə günahlandırılan “Qualcomm”un Çin hökumətinə ödədiyi 975 milyon ABŞ dolları məbləğində olan cəriməni keçəcək.
Tənzimləyicilərə görə “Alibaba” rəqiblərlə ədalətsiz mübarizə aparır, məhsullarını bir çox platformada yerləşdirən şirkətləri "cəzalandırır". “Alibaba” həmin şirkətlərin məhsullarını öz saytlarında tanıtımını məhdudlaşdırır və beləliklə sahibkarları öz lehlərinə seçim etməyə məcbur edir.
Qəzetin yazdığına görə, Çin səlahiyyətliləri “Alibaba” rəhbərliyindən bu təcrübəyə son qoymağı tələb edəcək.