Mayın 18-dən 20-nə qədər Bakıda keçiriləcək 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan”la bağlı mətbuat konfransı keçirilib.
"Report"un məlumatına görə, tədbirdə bildirilib ki, bu il sərgilərdə rekord sayda milli və regional stendlər olacaq.
Artıq 24 ölkədən 449 şirkət iştirakını təsdiqləyib. Onlara 15 min kv.m.-dən çox ərazi təklif edilir. O cümlədən "Caspian Agro" sərgisində 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, “InterFood Azerbaijan” sərgisində isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət iştirak edəcək.
Sərgilərin təşkilatçısı olan "Caspian Event Organizers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə deyib ki, bu il “Caspian Agro” sərgisi "Ağıllı Kənd", "Süni İntellekt", İT xidmətləri, Pilotsuz uçuş aparatları kimi bölmələri əhatə edəcək, mayın 18-də “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək, icrasına başlanılmış, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.