“Carlsberg” Rusiyadakı aktivlərini satır, Azərbaycan və Qazaxıstanda isə saxlayır

“Carlsberg” Rusiyadakı aktivlərini satır, Azərbaycan və Qazaxıstanda isə saxlayır “Carlsberg Group” yaxın günlərdə "Baltika" pivə şirkətinin satışı üzrə sövdələşməni başa çatdırmağı planlaşdırır.
Biznes
3 Dekabr , 2024 16:31
“Carlsberg” Rusiyadakı aktivlərini satır, Azərbaycan və Qazaxıstanda isə saxlayır

“Carlsberg Group” yaxın günlərdə "Baltika" pivə şirkətinin satışı üzrə sövdələşməni başa çatdırmağı planlaşdırır.

Bu barədə “Report” “Carlsberg Group”un məlumatına istinadən xəbər verir.

Sövdələşmə çərçivəsində “Carlsberg Group” “Baltika Breweries”in “Carlsberg Azerbaijan” və “Carlsberg Kazakhstan”dakı paylarını alacaq.

"Sövdələşmə menecment tərəfindən payın alınması (management buy-out) yolu ilə bağlanır. "Baltika"nın nəzarətedici səhmdarı şirkətdə uzun müddətdir çalışan iki top menecerin bərabər əsaslarla rəhbərlik etdiyi şirkət olacaq", - məlumatda qeyd olunub.

Sövdələşmə nəticəsində “Carlsberg” pul kompensasiyası alacaq, eləcə də Azərbaycan və Qazaxıstandakı aktivlərini saxlayacaq.

Sövdələşmənin maliyyə detalları şirkətin 2024-cü il üzrə illik hesabatında dərc ediləcək.

“Carlsberg Group”un baş direktoru Yakob Arup-Andersen bildirib ki, sövdələşmə "Baltika" ilə bağlı məhkəmə mübahisələrini və əqli mülkiyyət məsələlərini həll etməyə imkan verəcək. O, həmçinin vurğulayıb ki, bu, mövcud şəraitdə mümkün olan ən yaxşı qərardır.

Dekabrın 2-dən etibarən "Baltika" 2023-cü ilin iyulundan şirkətə nəzarət edən Rusiyanın müvəqqəti idarəçiliyində deyil. "Baltika"nın yeni sahibi baş menecer və baş menecerin müavini vəzifələrini tutacaq iki rəhbər tərəfindən yaradılan şirkət olacaq.

Rusiyada ikinci ən böyük pivə istehsalçısı olan "Baltika" 8 zavodu idarə edir.

Qeyd edək ki, Xırdalanda yerləşən “Carlsberg Azerbaijan” 2008-ci ildə “Carlsberg Group”un bir hissəsi olub və 2017-ci ildə rebrendinq nəticəsində “Carlsberg Azerbaijan” adlandırılıb.

Son xəbərlər

Orphus sistemi