COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu

COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu Böhrandan çıxış yolu: COVİD-19 və milli iqtisadiyyat
Biznes
13 İyul , 2020 13:18
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu

Bu gün dünyanı koronavirus (COVİD-19) pandemiyası öz cənginə alıb. Heç bir vaksin və dərmanı olmayan virusla bütün ölkələr aylardır tək başına, ayrı-ayrılıqda mübarizə aparırlar. Ölkələr arasında sərhədlər bağlanıb, gediş-gəliş minimuma endirilib, amma buna baxmayaraq, bu virus sərhəd tanımır və bütün ölkələrdə sürətlə yayılır. Dava-dərman olmadığı üçün isə həkimlər çıxış yolunu hələlik insanların sıx təmasdan çəkinməsində, birgə toplaşmamaq və bir-biri ilə məsafə saxlamaqda, əllərini spirtlə tez-tez dezinfeksiya etmək və tibbi maska taxmaqda görürlər. Virus isə insanları cinsə ayırmadan, uşaq, cavan və qocaya bölmədən yoluxdurmaqdadır. Görünən isə odur ki, bu bəlanın xəmiri hələ çox su aparacaq...

Əsrin ən böyük böhranı

Bu gün artıq dünyada COVID-19-a 13 milyondan artıq insan yoluxub. Bu günə qədər -pandemiya dövründə virusdan 6,7 milyondan artıq insan sağalıb, 580 minə yaxın şəxs isə ölüb.

Pandemiya dünya iqtisadiyyatına da olduqca böyük ziyan vurub. Ölkələrin iqtisadiyyatı böyük tənəzzüllə üz-üzə qalıb. Bir çox ölkənin iqtisadi inkişafı geriləyib, işsizliyin sayı artıb. Bu gün koronavirus pandemiyası insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, tarixin ən böyük iqtisadi böhranını yaşatmaqdadır. Bu böhran turizm, geyim, avtomobil sənayesi, xidmət sahəsi, enerji sektoru və digər bir çox sahəyə təsir edib. Nəticədə aviasiya şirkətlərindən tutmuş geyim istehsalçılarına, enerji şirkətlərinə  qədər, bütün sektorlar çətinliklə üzləşib. Artıq bir çox şirkət müflis olduğunu, bir çoxu isə gəlirlərinin azalması səbəbindən işçilərini ixtisar edəcəyini açıqlayıb.

Bu gün dünya ölkələri virus bəlasından qurtarmaqla yanaşı, iqtisadiyyatlarının dirçəlməsi, pandemiya dövründə iqtisadiyyatın inkişaf etdirilməsi üzərində ”baş sındırırlar” və bu bəladan qurtulmağın yollarını axtarırlar.

Azərbaycan da bu “taclı virus”la geniş mübarizə aparır. Təbii ki, bu virus bizim iqtisadiyyatımıza və gündəlik həyatımıza da təsirsiz ötüşməyib. Belə ki, bu günə qədər Azərbaycanda 24 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Həkimlərin səyləri nəticəsində onlardan 15 091 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər isə vəfat edib, 8 642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Dövlətdən 1 milyard manatlıq dəstək

Heç kəsə sirr deyil ki, pandemiyanın ilk günlərindən ölkəmiz iqtisadiyyatın inkişaf etdirilməsi üçün qabaqlayıcı addımlar atıb. İlk addımı isə ölkə başçısı özü edib. Belə ki, martın ortalarında Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı. Bu Fərmana əsasən də Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkə başçısı da ilk olaraq bu Fonda 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 20 milyon manat ayırdı.

Həmçinin, İlham Əliyevin COVID-19-un və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra sərəncamları oldu. Dövlət iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malik olduğunu sübut etdi. Elə bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərdi. Buna sübut olaraq, 2020-ci il ərzində dünyada sürətlə yayılan COVID-19-un və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı.

Bu sərəncama əsasən, pandemiyanın iqtisadiyyatımıza təsirini qiymətləndirmək üçün İqtisadiyyat, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinin, həmçinin Mərkəzi Bankın sədrinin rəhbərlikləri ilə ayrı-ayrılıqda İşçi Qrupları yaradıldı.

Prezident və ailəsindən cəmiyyətə nümunə

 Azərbaycanda qısa müddətdə pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarlar təsdiq edildi. Azərbaycanda fəaliyyət göstərən və pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlandı, ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflər verildi.

Pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyi göstərildi, yaxın və orta müddətdə məşğulluq tədbirləri gücləndirildi. Həmçinin, Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupu tərəfindən pandemiya şəraitində Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflər hazırlandı, pandemiyanın ölkənin bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsi həyata keçirildi.

Bu dövrdə ölkə iqtisadiyyatının inkişafı üçün ölkə başçısı tərəfindən daha bir nümunəvi addım atılıb. Belə ki, Azərbaycan Prezidenti bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi.

Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verdi. O da ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin pandemiya dövründə ölkə iqtisadiyyatının inkişafı məqsədilə bir illik əməkhaqqısını bu Fonda ianə edib.

Qeyd edək ki, bu günə qədər bu Fonda fiziki və hüquqi şəxslər tərəfindən də könüllü ödəmələr həyata keçirilir. Belə ki, hazırda 3 378 hüquqi və 12 169 fiziki şəxs tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 114 milyon 139 min 400 manat həcmində vəsait keçirilib. 

Dövlət sahibkarlara dəstək olur

Məmləkətin bu ağır günündə pandemiyadan zərər çəkmiş sahibkarlara da dövlət maliyyə dəstəyini əsirgəmədi. Belə ki, Prezidentin Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, bu günə qədər İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün COVİD-19-dan zərər çəkmiş 28 709 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117 031 fərdi (mikro) sahibkar, cəmi 145 740 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 210 152 işçini əhatə edən 24 492 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edildi. Amma bununla belə, bu gün digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 96,28 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 48,14 mln. manat təşkil edib. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 017 vergi ödəyicisinə 205 137 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 92,54 mln. manat, o cümlədən, 2-ci ay üzrə (50%) 44,68 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 117 031 vergi ödəyicisindən müraciət daxil olub, 109 283 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 62,91 mln. manat təşkil edir. Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 62,68 mln. manat vəsaitin 105 052 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Dövlətin sosial sahədə etdiklərini də unutmaq olmaz. Təbii ki, hökumət tərəfindən aztəminatlı ailələrin problemləri də unudulmadı. Ölkə başçısı ilkin olaraq 200 min bu cür ailələrə 190 manat həcmində birdəfəlik ödəmələrin edilməsi ilə bağlı sərənmcam imzaladı. Belə müraciət edənlərin də sayı kifayət qədər artdığndan bu rəqəm artırıldı və 600 min nəfərə çatdırıldı. Bu da ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə bir dəstək oldu.

Ölkənin ən iri şirkəti kənarda qalmadı

Pandemiya dövründə ölkənin ən iri şirkəti və ən böyük vergi ödəyicisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) də ölkə iqtisadiyyatına verdiyi dəstəyi də xüsusi vurğulamaq lazımdır. Nəzərə alsaq ki, bu dövrdə insanların tibbi spirtdən və maskadan daha çox istifadə edirlər, SOCAR-ın bu sahədə dəstəyi əvəzsizdir.

Belə ki, qlobal pandemiya ilə əlaqədar bazarlarda spirtə tələbat kəskin artdığından, bu dövrdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olundu. İstehsalatın işə salınması EP-300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. Müəssisədə MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir.

Bundan başqa, may ayında “SOCAR Polymer” dünyada davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün də aparıcı xammal olan HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyasının istehsalına başladı. Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, həkimlər üçün birdəfəlik tibbi geyimlərin və digər məhsulların hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə edilir.

Belə ki ki,  mayda “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen zavodunda 611 tona yaxın həcmdə tibbi maska istehsalı üçün yararlı olan HB 2 662 FS polipropilen növü istehsal olunub.  Bu polimer növünün növbəti sınaq partiyasının istehsalından sonra, avqust ayında daha ən azı 1 500-2 000 ton həcmində istehsalı planlaşdırılır.

Sonda bizə isə bu pandemiyanın tezliklə bitəcəyini arzulamaq  və inanmaq qalır.  İnanaq ki, həkimlərin dedikləri məsləhətləri yerinə yetirsək,  koronavirusa qalib gələcəyik, vətəndaşlarımız sağlam olacaq və daha heç vaxt heç kəsə bu xəstəliklə diaqnoz qoyulmayacaq.  Bununla da ölkə iqtisadiyyatımız yenidən dirçələk, inkişaf edəcək və yenidən əvvəlki kimi firavan həyatımıza qayıdacağıq. Çünki biz birlikdə güclüyük!..

Son xəbərlər

Orphus sistemi