Beynəlxalq Xalça Festivalında bir sıra ölkələrin pavilyonları fəaliyyətə başlayacaq

Biznes
  • 02 may, 2025
  • 11:02
Beynəlxalq Xalça Festivalında bir sıra ölkələrin pavilyonları fəaliyyətə başlayacaq
Emin Məmmədov

Beynəlxalq Xalça Festivalı çərçivəsində sabah İçərişəhərdə bir sıra ölkələrin pavilyonları fəaliyyətə başlayacaq.

"Report" xəbər verir ki, bunu "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Bakıda beynəlxalq xalça festivalı çərçivəsində keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı ilin 5 may tarixli sərəncamına əsasən, Azərbaycanda hər il mayın 5-i Xalçaçılıq Günü kimi qeyd olunur: “Keçən il ölkəmizdə Milli Xalça Festivalı təşkil olunub və bu tədbirin uğuru nəzərə alınaraq bu il Beynəlxalq Xalça Festivalı keçiririk. Sabah isə festival çərçivəsində bir sıra tədbirlərin davam etdirilməsi nəzərdə tutulur".

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə bildirib ki, bu gün festival çərçivəsində müxtəlif beynəlxalq və yerli sənətşünaslar bir araya gətirilib.

Onun sözlərinə görə, xalça sadəcə bir əşya deyil, bu, bir millətin kimliyini və yaddaşını birləşdirən mənəvi dəyərdir: “Azərbaycan xalçaçılıq sənəti əsrlər boyu dünya mədəniyyətinə mühüm töhfələr verib. Bu sənət bu gün də " Azərxalça" ASC-nin dəstəyi ilə öz həyatını canlı şəkildə davam etdirir. Keçirilən festival təkcə zəngin yaradıcılıq nümunələrinin nümayişi deyil, eyni zamanda müxtəlif xalqlar arasında sənət və təcrübə mübadiləsi üçün əhəmiyyətli bir platformadır".

Forumda Özbəkistan, Türkmənistan, Albaniya, Almaniya, İngiltərə, Latviya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Yaponiya, İspaniya və digər ölkələrin nümayəndələri iştirak edirlər. 200-dən çox iştirakçı – sənətşünaslar, xalçaçı ustalar, tələbələr və incəsənət xadimlərinin iştirak etdiyi Forumda Azərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəni irsindəki yeri haqqında geniş təqdimatlar yer alıb.

Xatırladaq ki, mayın 2-4-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirilir. Mayın 3-4-də festival İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Müxtəlif ölkələrdən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək. Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı info@bakucarpetfest.az istifadəyə verilIib. Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq miqyasda tanıtmaq, bu qədim sənət növünün zəngin irsini və müasir inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrin xalçaçılıq ənənələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstanın nümayəndələrinin iştirakı ilə reallaşan festival, Azərbaycan xalça sənətinin özünəməxsusluğunu və estetik zənginliyini beynəlxalq auditoriyaya tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.

44 filmi