​Beyləqan sahibkarlarına 5 mln. manat güzəştli kredit verilib

​Beyləqan sahibkarlarına 5 mln. manat güzəştli kredit verilib Kreditlər əsasən heyvandarlıq, quşçuluq, biyan emalı və s. sahələrin inkişafına yönəldiləcək
Biznes
8 Aprel , 2016 19:11
​Beyləqan sahibkarlarına 5 mln. manat güzəştli kredit verilib

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

“Report” xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Beyləqanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

İşgüzar forumda 120-ə yaxın sahibkariştirak edib. Forum çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, meyvə-tərəvəz emalı və bitki yağlarının istehsalı zavodlarının, intensiv bağçılıq, tərəvəzçilik və cins heyvandarlıq təsərrüfatlarının, ət kəsimi və pendir istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Fondun icraçı direktoru Şirzad Abdullayev sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib: “2016-cı ilin ötən dövrü ərzində 324 sahibkara 39,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bugünədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 minə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 476,6 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

Forum çərçivəsində Beyləqan və ətraf rayonlardan olan 60 sahibkara 5,4 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasənheyvandarlıq, quşçuluq, biyan emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.Beyləqanda güzəştli kredit ayrılan iri fermer təsərrüfatına baxış keçirilib. Təsərrüfatda pambıq əkini aparılacaq.

Ümumilikdə ölkə başçısının tapşırığına uyğun olaraq, iri fermer təsərrüfatlarının yaradılması davam etdirilir. Hazırda respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 29 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 73,1 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi