BƏƏ-nin “Etihad Airways” şirkəti gələn ildən Azərbaycana uçuşlara başlayacaq

BƏƏ-nin “Etihad Airways” şirkəti gələn ildən Azərbaycana uçuşlara başlayacaq İqtisadiyyat naziri BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb
Biznes
15 Sentyabr , 2017 14:29
BƏƏ-nin “Etihad Airways” şirkəti gələn ildən Azərbaycana uçuşlara başlayacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə nazir bildirib ki, Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır.

Qeyd olunub ki, Azərbaycan BƏƏ ilə iqtisadi əməkdaşlığın genişlənməsinə önəm verir. Artıq BƏƏ-də Azərbaycanın ticarət nümayəndəsi təyin olunub. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Dubayda keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsullarına iş adamları tərəfindən böyük maraq göstərilib və yerli məhsullarımızın xarici bazarlara çıxarılmasına başlanılıb. Hazırda ölkələr arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Son 2 il ərzində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb. Görüşdə Ş.Mustafayev əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, mövcud imkanlardan səmərəli istifadə etməklə müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb.

M.H.Alqubaisi isə Azərbaycanla əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Səfir BƏƏ-nin “Etihad Airways” şirkətinın 2018-ci ildən Azərbaycana uçuşlara başlayacağını və bunun əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, maliyyə, təhsil, sənaye parkları və zonalarına investisiya qoyuluşu sahəsində əməkdaşlıq, Abu-Dabidə keçirilməsi nəzərdə tutulan investisiya forumunun təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi