Bazar araşdırması biznesi risklərdən sığortalayır

Bazar araşdırması biznesi risklərdən sığortalayır İndiyədək sahibkarların müraciəti əsasında 12 daxili bazar araşdırması aparılaraq nəticələr sahibkarlıq subyektlərinə təqdim edilib. Hazırda sahibkarların müraciəti, KOBİA-nın sifarişi əsasında məsləhətçi şirkətlər tərəfindən 4 daxili bazar araşdırması ap
Biznes
161
23 Sentyabr , 2021 17:28
Bazar araşdırması biznesi risklərdən sığortalayır

Yeni biznesin uğur qazanması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsul və xidmətlərin yaradılması zamanı bu sahədə tələbatın, müştərilərin, rəqiblərin, satış şəbəkəsinin və s. bu kimi məlumatların öyrənilməsi önəmlidir. Bu istiqamətdə bazar araşdırmaları əhəmiyyətli məlumat mənbəyi hesab olunur.

“Report”un məlumatına görə, bazarın araşdırılması həm də sahibkarın risklərini azaldır, fəaliyyətini düzgün istiqamətdə qurmağa və genişləndirməyə dəstək olur. Koronavirus pandemiyası (COVID-19) kimi qeyri-müəyyən dövrlərdə bazar araşdırmasının aparılması xüsusilə vacibdir. Belə ki, pandemiyanın yaratdığı çətinliklər və iqtisadi məhdudiyyətlər şəraitində bazar araşdırması yeni məhsul və xidmətin yaradılması üçün bazarın mövcud vəziyyətini təhlil etməklə sahibkarı mümkün risklərdən və əlavə xərclərdən sığortalayır.

Hazırda ölkəmizdə bazar araşdırmaları sahibkarların özləri və bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən aparılır. Bazar araşdırmalarının peşəkar konsaltinq şirkətləri tərəfindən aparılması isə müəyyən xərc tələb edir. Məhz bu səbəbdən sahibkarlar, xüsusilə də mikro və kiçik sahibkarlar çox vaxt bazar araşdırmasının aparılmasından çəkinir.

Daxili bazar araşdırmasının aparılmasına 20 min manatadək dövlət dəstəyi göstərilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanına əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyi göstərilir. Bu dəstək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. Agentlik tərəfindən daxili bazar araşdırmasının aparılması üçün mikro, kiçik və orta biznes (KOB) subyektlərinə informasiya və maliyyə dəstəyi təmin edilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir.

Proses necə həyata keçirilir?

İlkin olaraq sahibkar onu maraqlandıran sahə üzrə bazar araşdırmasının aparılması üçün nümunəvi ərizə formasını doldurmaqla birbaşa və ya elektron qaydada KOBİA-ya müraciət etməlidir. Sahibkarın müraciəti agentlikdə yaradılmış işçi qrup tərəfindən dəyərləndirilir və müsbət qərar qəbul olunmuş daxili bazar araşdırmasının aparılması üçün “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq, bu sahədə ixtisaslaşmış məsləhətçi şirkətlərə sifariş verilir. Bazar araşdırmaları yerli və xarici hüquqi və fiziki şəxslər, yəni universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, habelə kiçik və orta biznesin inkişafı mərkəzləri tərəfindən aparıla bilər. Daxili bazar araşdırması hazır olduqdan sonra KOBİA hesabatı qiymətləndirir və sahibkara təqdim edir.

Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. Eyni zamanda bazar araşdırmasının aparılması üçün sahibkarlar assosiasiyanın adından da müraciət edə bilərlər. Sahibkarın müraciəti əsasında hazırlanan bazar araşdırması yalnız həmin sahibkara təqdim olunur.

Sahibkarlar daha çox hansı sahələrdə bazar araşdırmasının aparılması üçün müraciət edirlər?

İndiyədək sahibkarların müraciəti əsasında 12 daxili bazar araşdırması aparılaraq nəticələr sahibkarlıq subyektlərinə təqdim edilib. Hazırda sahibkarların müraciəti, KOBİA-nın sifarişi əsasında məsləhətçi şirkətlər tərəfindən 4 daxili bazar araşdırması aparılmaqdadır.

Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, KOBİA-nın təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir. İndiyədək optik eynəklər, boya, daşınar soyuducu anbarlar, tekstil fabriki, məişət tullantıları konteynerləri, reklam vasitələri, avtokimya xidməti və məhsulları, özəl və korporativ geyimlər, minik və yük avtomobillərində yağdəyişmə sahələrində 9 daxili bazar araşdırması aparılıb. Sahibkarlar sözügedən bazar araşdırmaları ilə KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi) tanış ola və istifadə edə bilərlər. Hazırda Agentliyin təşəbbüsü ilə digər istiqamətlərdə də daxili bazar araşdırmaları aparılır və sahibkarların istifadə etməsi üçün Agentliyin rəsmi saytında yerləşdiriləcəkdir.

Son xəbərlər

Orphus sistemi