Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda sentyabrın 30-da "Dreamland"də son zamanların trendi olan influenser (influencer) marketinqinə (təsiredici marketinq) həsr edilmiş tədbir keçiriləcək.
Tədbirin təşkilatçı şirkəti "Keepface"dən "Report"a daxil olan məlumata görə, influenserlər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə inlfuenserləri cəlb etməklə ciddi uğurlar qazanırlar. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.
Qeyd edək ki, regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və influenserləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. 150 nəfərə yaxın şəxsin iştirak edəcəyi “Influencer Day”ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar. Bu qonaqlara top influenserlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri və şirkət rəhbərləri daxildir.
"Rəsmi hissədə "Sosial Era marketinqi", "Keepface Influencer Marketing platforması", "Influencer və data analizi" haqqında maraqlı təqdimatlar ediləcək. Daha sonra isə qonaqları panellər üzrə müzəkirələr gözləyir. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən əhəmiyyətli hissəsi isə influenserlərin mükafatlandırılması olacaq. Onlar öz influenser fəaliyyətləri və brendlərlə əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.
Tədbir "Dreamland Country & Life"da yerləşən villalara, qolf meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq. Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaqlar.
“Influenser Day Baku“ tədbirinin təşkilatçıları "Keepface DMCC" və "Dreamland Country & Life" şirkətləridir. Həmçinin "Hooki Cafe", "Az-Granata", "Chelebi" və "Vitam" şirkətləri tədbirin həyata keçirilməsində dəstək olurlar.