Bakıda SPECA-nın ticarət və gender üzrə işçi qruplarının iclasları keçirilib

Bakıda SPECA-nın ticarət və gender üzrə işçi qruplarının iclasları keçirilib Bu gün Azərbaycanda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi çərçivəsində Ticarət üzrə İşçi Qrupunun 18-ci iclası keçirilib.
Biznes
20 Noyabr , 2023 19:45
Bakıda SPECA-nın ticarət və gender üzrə işçi qruplarının iclasları keçirilib

Bu gün Azərbaycanda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi çərçivəsində Ticarət üzrə İşçi Qrupunun 18-ci iclası keçirilib.

"Report" bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Tədbirdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, iclas Mərkəzi Asiyada 2030-cu ilə qədər olan dövr üçün Dayanıqlı İnkişaf Gündəliyinin əsas spektrlərini əhatə edir. S.Bəşirli ölkəmizdə ticarətin inkişafı istiqamətində atılan addımlar, tranzit-logistika potensialının artırılması, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yüksəldilməsi məqsədilə gömrük prosedurlarının rəqəmsallaşdırılması və sadələşdirilməsi istiqamətində islahatlar barədə məlumat verib.

SPECA Ticarət üzrə İşçi Qrupunun sədri, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın sədrliyi ilə keçirilən iclasda Proqramın əhatə etdiyi dövlətlərin ticarət sahəsində əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, qarşılıqlı faydalı ticarət tərəfdaşlığının inkişaf etdirilməsi milli iqtisadiyyatların şaxəli inkişafına və qlobal iqtisadiyyata sıx inteqrasiyasına mühüm töhfələr verə bilər. Sessiyada SPECA-nın iştirakçısı olan dövlətlər arasında ticarətin asanlaşdırılması, multimodal nəqliyyat və rəqəmsallaşma, milli və regional plan və strategiyalar, həmçinin digər məsələlər nəzərdən keçirilib. Tədbir çərçivəsində İşçi Qrupun qarşıdakı 2-3 il ərzində həyata keçirəcəyi prioritet tədbirlərin müəyyənləşdirilməsi yönündə müzakirə aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın sədrliyi ilə keçirilən SPECA Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun “Gender bərabərliyi: SPECA regionunda qlobal bağlantı və transformativ inkişaf üçün katalizator” mövzusunda iclasında qeyd olunub ki, gender bərabərliyi üzrə birgə səylərlə qadınların iqtisadi imkanlarının artırılmasında mühüm rol oynayacaq regional kommunikasiya mərkəzinin yaradılması əsas məsələlərdəndir. Sessiya çərçivəsində gender məsələlərinin SPECA-nın diqqət mərkəzində saxlanması yolları, qadınların cəmiyyətdə bərabərhüquqlu olmasını təmin etmək üçün qəbul edilmiş təşəbbüs və müsbət təcrübələr, bu sahədə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə olunub, təkliflər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi