Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası işə başlayıb.
"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, hibrid formatda keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan, Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edir.
Tədbirin açılışında çıxış edən Komitə sədri Şahin Bağırov regional əməkdaşlığın və tranzitin inkişaf etdirilməsində İƏT-in rolundan bəhs edib, qeyd edib ki, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərindəki strateji mövqeyi nəzərə alınmaqla Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr beynəlxalq ticarətin və tranzitin inkişafına münbit şərait yaradıb. Onun sözlərinə görə, İƏT çərçivəsində gömrük xidmətləri arasında işgüzar əlaqələrin inkişafı region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq.
İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi təşkilata üzv ölkələr arasında gömrük əməkdaşlığının gücləndirilməsinin prosedurların rəqəmsallaşdırılması və asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb. Həmçinin hüquqpozmalara qarşı mübarizə, qabaqcıl bilik və təcrübələrin paylaşılması, potensialın gücləndirilməsi istiqamətində də mühüm nailiyyətlərin əldə olunacağı bildirilib.
Daha sonra Ş.Bağırovun sədrlik etdiyi iclasın gündəliyi qəbul edilib və müzakirələr aparılıb. Əvvəl İƏT Gömrük xidmətləri rəhbərləri Şurasının 8-ci iclasında qəbul edilən qərarlar müzakirə olunub, hesabatlar dinlənilib. Ardınca “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazası Sazişi”, “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş”, “İƏT və ÜGT arasında Memorandum layihəsi və İƏT Fəaliyyət Planı”, “İƏT Regionunda Elektron Məlumat Mübadiləsi”, “İƏT Regionunda Gömrük məsələlərində potensialın gücləndirilməsi” ilə bağlı məsələlər müzakirə olunub.