​Bakıda Azərbaycan-Qətər işgüzar görüşü keçirilib

​Bakıda Azərbaycan-Qətər işgüzar görüşü keçirilib Nazir müavini Niyazi Səfərov: "Azərbaycan Qətərlə iqtisadi əlaqələri genişləndirmək niyyətindədir"
Biznes
10 May , 2016 11:55
​Bakıda Azərbaycan-Qətər işgüzar görüşü keçirilib

Bakı. 10 may. REPORT.AZ/ "Azərbaycan Qətərlə iqtisadi əlaqələri genişləndirmək niyyətindədir". “Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Qətər İnvestisiya Qurumunun Biznesin inkişafı İdarəsinin rəisi Şeyx Əbdüləziz Əli əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bu gün keçirilən Azərbaycan-Qətər işgüzar görüşündə deyib.

Nazir müavini bildirib ki, Azərbaycanla Qətər arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var: “Azərbaycan və Qətər Əmirliyi arasında siyasi-iqtisadi əlaqələr əvvəlki illərlə nisbətdə inkişaf edib. Qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyəti var. Hazırda iki ölkə arasında hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. İki ölkə arasında sıx siyasi əlaqələr qurulub. Bu münasibətləri iqtisadi sahədə də formalaşdırmaq fikrindəyik. Hazırda Azərbaycanda investisiyaların təşviqi sahəsində böyük işlər aparılır. Xarici investorlar üçün çox əlverişli şərait yaradılıb, ölkədə sənaye parkları salınır. Qətər sahibkarları bu sənaye parklarında fəaliyyət göstərə bilər. Eyni zamanda birgə biznes-forum, işgüzar görüşlər təşkil olunur. İnanırıq ki, bugünkü işgüzar görüş əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək”.

Qətər İnvestisiya Qurumunun idarə rəisi Şeyx Ə.A.əl-Tani iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Azərbaycanın iqtisadi uğurları qətərli iş adamları tərəfindən yüksək qiymətləndirilir. Hər iki ölkənin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur”.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov çıxışında qeyd edib ki, bu görüş iki ölkə arasında münasibətlərin müsbət dinamika üzərində qurulmasına şərait yaradacaq.

Nümayəndə heyətinə Azərbaycanda mövcud olan əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılan şərait barədə geniş məlumat verilib. Daha sonra Azərbaycanın investisiya mühiti və biznes imkanları, Sumqayıt Kimya Sənaye Parkı haqqında təqdimatlar dinlənilib.

Sonda Qətər İnvestisiya Qurumunun analitiklərinin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi