Bakıda 2 otaqlı mənzillər 10 % bahalaşıb
- 16 iyul, 2024
- 11:31
Bu ilin iyun ayında Bakıda köhnə tikililərdə 2 otaqlı mənzillərin orta qiyməti (1 kvm-ə görə) ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % artıb.
Bunu “Report” açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ötən ay paytaxtda yeni tikililərdə 3 otaqlı mənzillərin orta qiyməti isə (1 kvm-ə görə) ötən ilin eyni ayına nisbətən 12,6 % artıb.
O bildirib ki, Bakıda 2 otaqlı mənzillər köhnə tikililərdə ən çox Səbail rayonunda bahalaşıb: "Bu rayonda qiymət artımı ötən ilin eyni ayı ilə müqayisədə 14,2 % olub. Yeni tikililərdə isə qiymət artımı illik müqayisədə 18,3 % təşkil edib".
Bundan başqa, onun sözlərinə görə, Bakının Xətai rayonunda 2 otaqlı mənzillərin orta qiyməti köhnə tikililərdə 13,2 %, yeni tikililərdə 14,9 %, Nərimanov rayonunda köhnə tikililərdə 12 %, yeni tikililərdə 15,9 %, Yasamal rayonunda 11,2 %, yeni tikililərdə 14 %, Nizami rayonunda 11 %, yeni tikililərdə 16,2 %, Nəsimi rayonunda köhnə tikililərdə 10,1 %, yeni tikililərdə 15,3 %, Sabunçu rayonunda köhnə tikililərdə 7,8 %, yeni tikililərdə 9,2 %, Binəqədi rayonunda köhnə tikililərdə 6,5 %, yeni tikililərdə 9 %, Qaradağ rayonunda isə köhnə tikililərdə 3,9 %, yeni tikililərdə isə 5,5 % artıb.