“Bakı Mərmər Qranit” investisiya müsabiqəsinə çıxarılıb

“Bakı Mərmər Qranit” investisiya müsabiqəsinə çıxarılıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus təsis paylarının satışı üzrə investisiya müsabiqəsi elan edib.
Biznes
14 İyun , 2024 11:37
“Bakı Mərmər Qranit” investisiya müsabiqəsinə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus təsis paylarının satışı üzrə investisiya müsabiqəsi elan edib.

"Report"a Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan olunub.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən müəssisənin özəlləşdirilməsi üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 10 milyon manatlıq investisiya proqramı təqdim etməli, azı 80 yeni iş yerinin yaradılması, istehsalda müasir texnologiyaların tətbiq edilməsi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflərini verməlidir.

Müəssisənin ümumilikdə 689 292 manat öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (9.500.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://clck.ru/3BBMzE linki vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təklifləri iyulun 8-nə qədər (iş günləri saat 10:00-dan 17:30-a qədər) Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) qəbul ediləcək. Komissiyanın müsabiqə təkliflərini qiymətləndirməsi qurumun inzibati binasında - iyulun 9-da saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi