AZPROMO: "Macarıstanla ixracın və investisiyaların stimullaşdırılması üçün geniş imkanlar var"

Biznes
  • 18 fevral, 2023
  • 11:16
AZPROMO: Macarıstanla ixracın və investisiyaların stimullaşdırılması üçün geniş imkanlar var

Azərbaycanla Macarıstan arasında qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsi üçün, habelə ixracın və investisiyaların stimullaşdırılması üçün geniş imkanlar mövcuddur.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) sədri Yusif Abdullayev Macarıstanın Ticarət Sənaye Palatasının (HCCI) Beynəlxalq işlər üzrə komitəsinin sədrinin müavini Atilla Qalambosla Budapeştdə keçirilən görüşdə deyib.

Görüşdə AZPROMO-nun fəaliyyət istiqaməti, xarici investisiyaların təşviqi, yeni ixrac bazarlarının araşdırılması məqsədilə agentlik tərəfindən görülən işlər barədə danışılıb, ixrac üçün əlavə imkanlar yaradacaq Milli İxrac Strategiyası haqqında məlumat verilib.

Atilla Qalambos təmsil etdiyi qurumun fəaliyyətini diqqətə çatdırıb, AZPROMO ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı Azərbaycan və Macarıstanda ixrac və investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər, sahibkarların qarşılaşdığı məsələlərin birgə əməkdaşlıq çərçivəsində həll yolları barədə fikir mübadiləsi aparılıb.