Azərbaycan 2020-2026-cı illəri əhatə edən Milli İxrac Stratategiyası çərçivəsində qeyri-neft ixracının illik dəyərini 4,8-5 milyard ABŞ dollarına çatdıra bilər.
Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
"Bu ilin əvvəlindən Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə rekord həddə - təxminən 40% artaraq 2 milyard dolları keçib. Təbii ki, artımda dünya bazarında əmtəə məhsullarının qiymətlərinin artması müsbət rol oynayıb. Biz bu trendi dəstəkləmək istəyirik. Bu ilin yekununda 2,6-2,7 milyard dollarlıq qeyri-neft ixracına nail olacağımızı gözləyirik. Milli İxrac Stratategiyası çərçivəsində isə 2026-cı ilə qədər qeyri-neft ixracını 2021-ci illə müqayisədə 85% artırmağı planlaşdırıq, bu da təxminən 5 milyard dollarlıq ixrac deməkdir", - deyə o qeyd edib.
Bundan başqa, Y.Abdullayevin sözlərinə görə, Milli İxrac Startegiyasında qeyri-neft məhsullarının ixracının şaxələndirilməsi də nəzərdə tutulub: “Bu proses çox geniş bazarları əhatə edəcək”.