Azərbaycanın Özbəkistandan aldığı geyim mallarının ucuzlaşdırılması müzakirə olunub

Biznes
  • 18 iyul, 2023
  • 08:56
Azərbaycanın Özbəkistandan aldığı geyim mallarının ucuzlaşdırılması müzakirə olunub

"Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası" (AFRA) və "Özbəkistan Tekstil və Tikiş Sənayesi Müəssisələri Assosiasiyası" ("Uztekstilprom") arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

"Report" bu barədə AFRA-ya istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin sədri Fərid Novruzi “Uztekstilprom” sədrinin I müavini Mirmuhsin Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər arasında keçirilən görüşün əsas məqsədi AFRA-nın xarici əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də, ölkəmizə idxal olunan geyim mallarının qiymət siyasətinin yumşaldılması üçün yolların araşdırılması olub.

Özbəkistan nümayəndə heyəti “AFRA” üzvlərinə öz ərazisində istehsal sahələrinin müştərək istifadəsi imkanlarını nəzərdən keçirməyi təklif edib.

Görüşün sonunda memoranduma imza atılıb. Sənəd iki təşkilat arasında məlumat mübadiləsi, tekstil sənayesi sahəsində əməkdaşlıq, qarçılıqlı investisiya imkanlarının araşdırılması maddələrini nəzərdə tutur.