İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ilə Dünya Bankının nümayəndələri ilə görüşərək onlarla qurumlarla əməkdaşlıq çərçivəsində görülən işləri, ölkəmizdə həyata keçirilən iqtisadi islahatları müzakirə edib.
"Report" xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri barədə fikir mübadiləsi apardıq", -deyə nazir qeyd edib.
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, tərəflər İƏİT və Dünya Bankının “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” üzrə birgə layihəsi, dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi və bu istiqamətdə görülən tədbirlər, korporativ idarəetmənin təkmilləşdirilməsi və bu xüsusda digər islahat prioritetləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiya, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verilib.