Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın 2018-ci ildə xarici ticarət dövriyyəsinin dəyəri 30 923,603 mln. ABŞ dolları təşkil edib ki, bunun da 31%-ə yaxını avqust, iyul və aprel aylarının payına düşüb.
"Report" bu barədə
Belə ki, illik xarici ticarət dövriyyəsinin 10,4%-i və yaxud 3 217,852 mln. dollarlıq hissəsi avqustda, 10,35%-i və yaxud 3 202,887 mln. min dollarlıq hissəsi iyulda, 10,1%-i və yaxud 3 131,305 mln. dollarlıq hissəsi isə apreldə formalaşıb.
İdxal-ixrac əməliyyatlarının ən aşağı həddi isə yanvar, mart və fevral aylarında olub. Belə ki, ötən ilin ilk ayında Azərbaycan 1 728,466 mln. dollar dəyərində xarici ticarət aparıb ki, bu da ümumi dövriyyənin 5,6%-nə bərabərdir. Bu rəqəmlər mart ayında 1 883,685 mln. dollar, fevral ayında isə 1 935,238 mln. dollar olub ki, bunlar da müvafiq olaraq ümumi dövriyyədə 6,1% və 6,3% pay deməkdir.
2018-ci ildə Azərbaycanın ixracının dəyəri 19 458,633 mln. dollar təşkil edib. Bu rəqəmin 33%-dən çoxu aprel, avqust və iyul aylarında formalaşıb. Belə ki, apreldə 2 296,759 mln. dollar (11,8%), avqustda 2 131,466 mln. dollar (10,95%), iyulda isə 2 085,925 mln. dollar (10,7%) dəyərində ixrac həyata keçirilib.
Ötən il ixracın ən aşağı göstəriciləri isə yanvar, mart və fevral aylarında qeydə alınıb. Belə ki, ilin ilk ayında Azərbaycan 1 038,707 mln. dollar dəyərində mal ixrac edib ki, bu da ümumi ixracın 5,3%-nə bərabərdir. Bu rəqəmlər mart ayında 1 144,551 mln. dollar, fevral ayında isə 1 172,419 mln. dollar olub ki, bunlar da müvafiq olaraq ümumi ixracda 5,9% və 6% pay deməkdir.
2018-ci ildə Azərbaycanın idxalının dəyəri isə 11 464,97 mln. dollar təşkil edib. Bu rəqəmin 34%-ə yaxını oktyabr, dekabr və iyul aylarında formalaşıb. Belə ki, oktyabrda 1 347,479 mln. dollar (11,75%), dekabrda 1 169,394 mln. dollar (11,2%), iyulda isə 1 116,962 mln. dollar (10,74%) dəyərində idxal həyata keçirilib.
Ötən il idxalın ən aşağı göstəriciləri də yanvar, mart və fevral aylarında qeydə alınıb. Belə ki, ilin ilk ayında Azərbaycan 689,789 mln. dollar dəyərində mal idxal edib ki, bu da ümumi idxalın 6%-nə bərabərdir. Bu rəqəmlər mart ayında 739,133 mln. dollar, fevral ayında isə 762,819 mln. dollar olub ki, bu da müvafiq olaraq ümumi idxalda 6,45% və 6,65% pay deməkdir.
Beləliklə 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunun dəyəri 7 993,662 mln. dollar təşkil edib. Bu rəqəmin 43%-dən çoxu aprel, avqust və iyul aylarında formalaşıb. Belə ki, apreldə 1 462,213 mln. dollarlıq (18,3%), avqustda 1 045,08 mln. dollarlıq (13,1%), iyulda isə 968,963 mln. dollarlıq (12,1%) müsbət saldo yaranıb.
Ötən il müsbət saldonun ən aşağı göstəriciləri isə oktyabr, yanvar və sentyabr aylarında - müvafiq olaraq 348,732 mln. dollar (4,4%), 348,948 mln. dollar (4,4%) və 353,090 dollar (4,4%) olmaqla qeydə alınıb.
Bir sözlə, görünən odur ki, Azərbaycanda xarici ticarət əməliyyatları ən çox ilin III rübündə, ən az isə ilin I rübündə həyata keçirilir.