Bu il mayın 1-nə Azərbaycanda 1 442 086 vergi ödəyicisi uçotda olub ki, bu da ötən il mayın 1-i ilə müqayisədə 6,1 % çoxdur.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, vergi ödəyicilərnin 87,3 %-i fiziki, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 5,6 %, hüquqi şəxslərin sayı isə 9,6 % artıb.
Hesabat tarixinə dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 166 min təşkil edib, onlardan 104 095-nin fəaliyyəti aktiv olub. Kommersiya hüquqi şəxslərin 90,2 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Hesabat dövründə aktiv kommersiya qurumlarının sayı 13,9 % artıb. May ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 050 vahid təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % artım deməkdir.
Yanvar-aprel aylarında ölkədə 5 305 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 87,7 %-i yerli investisiyalı, 12,3 %-i xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,2 % təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 681 yerli investisiyalı MMC qeydiyyata alınıb.